İşçi Qrup Mehman Qələndərovun ölümü ilə bağlı bəyanat yayıb

İşçi Qrup Mehman Qələndərovun ölümü ilə bağlı bəyanat yayıb
11 May 2017
Mətni dəyiş
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu Mehman Qələndərovun ölümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, M.Qələndərovun müəmmalı ölümündən xeyli müddət keçməsinə, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi tərəfindən ölüm faktının səbəblərinin obyektiv araşdırılması haqda çağırışlara baxmayaraq, hökumət bu istiqamətdə yetərli addımlar atmayıb.
"2017-ci il fevralın 7-də 1977-ci il təvəllüdlü M.Qələndərovun barəsində məhkəmə tərəfindən üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub, sonra isə onun maddəsi 234.4.3-cü maddəyə tövsif edilib", - bəyanatda deyilir.
Bəyanatda vurğulanır ki, həbs olunan gün M.Qələndərov "Facebook" səhifəsində "Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib) kimi olaq. Qul olma!” fikirlərini yazıb, sonra H.Əliyevin heykəli qarşısında aksiya keçirməyə cəhd edib. Buna görə, M.Qələndərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Həbsindən öncə M.Qələndərov Tbilisi şəhərində Azərbaycandakı siyasi məhbuslarla bağlı keçirilən aksiyada da iştirak edib.
Aprelin 28-də M.Qələndərov dövlətin xüsusi mühafizə və müdafiə olunan qapalı müəssisəsində -  Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə ölüb. Dövlət qurumları M.Qələndərovun intihar etdiyini açıqlayıblar. Sabunçu Rayon Prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb və təcridxananın iki əməkdaşı işdən azad edilib.
İşçi Qrup hesab edir ki, M.Qələndərovun barəsində cinayət təqibinin və onun həbsinin aşkar siyasi motivli olması və hadisənin qapalı dövlət müəssisəsində baş verməsi faktı bütün hallarda ictimai fəalın ölümünə görə məsuliyyəti hökumətin üzərinə qoyur. Hökumət bunun əksini sübut etmək istəyirsə, həm M.Qələndərova qarşı qaldırılan saxta cinayət işi, həm də onun ölümü faktı ilə bağlı obyektiv araşdırmanın aparılmasını təmin etməlidir.
SMS İQ M.Qələndərovun ölümünün səbəblərinin araşdırılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirləri yetərli saymadığını bildirir.
İşçi Qrupu hesab edir ki, hökumət M.Qələndərovun ölümü ilə bağlı hərtərəfli, obyektiv, şəffaf araşdırma onu saxta ittihamla məsuliyyətə cəlb edən və əsassız olaraq həbs edən vəzifəli şəxslərlə bağlı da araşdırmaların başlanması və onların məsuliyyət məsələsinin həlli istiqamətində addımları da ehtiva edir. Hadisənin cəmiyyətdə doğurduğu böyük narahatlığı nəzərə alaraq ictimaiyyət müntəzəm olaraq atılan addımlar barədə məlumatlandırılmalıdır.
Hadisənin obyektiv araşdırılmasına yardım məqsədilə vətəndaş cəmiyyəti təmsilçilərindən və müstəqil ekspertlərdən təşkil olunmuş qrup tərəfindən ictimai tədqiqat apara bilməsinin təmin olunması üçün hökumət tərəfindən şərait yaradılması barədə çağırışlara qatılan və bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu bəyan edən qrup, həmçinin yerli və beynəlxalq ictimaiyyəti bu məsələni daim diqqət mərkəzində saxlamağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun