FBI əməkdaşı İŞİD cihadçısına qoşulub qaçıb

FBI əməkdaşı İŞİD cihadçısına qoşulub qaçıb
3 May 2017
Mətni dəyiş
"The Telegraph" qəzeti öz təşkilatına xəyanət edərək cihadçı sevgilisinə qovuşmaq üçün Suriyaya gizli səfər etmiş ABŞ kəşfiyyatçısının əhvalatından yazır.
Federal Təhqiqatlar Bürosunda (FTB) işləyən amerikalı qadın Daniela Greene ona verilmiş tapşırıq əsasında Deso Dogg ayaması daşıyan cihadçı Denis Cuspertin sosial mediadakı fəaliyyətini izləməliydi.
Keçmiş reper Cuspert İslam Dövləti adlanan təşkilat üçün internet vasitəsilə insan səfərbər etməklə məşğul idi.
Cuspert özünün replərindən birində prezident Barack Obamanı boğazının üzülməsi ilə hədələmiş, İŞİD videolarından birində əlində kəsilmiş başla çəkilmişdi.
Lakin sonradan hadisələr Amerikanın məşhur Homeland teleserialında olduğu kimi inkişaf etdi. Bu serialda Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olan qadın əməliyyatçı Carrie keçmiş Amerika əsgəri, amma indi cihadçı olan Brody-yə vurulur.
Xanım Green də teleserialın qəhrəmanı kimi Cuspert-in şirin dillərinə uyaraq əvvəlcə İstanbula, oradan isə Suriyaya yola düşüb.
CNN telekanalının əldə etdiyi məhkəmə materiallarına görə, Greene ABŞ-ı 2014-cü ilin iyununda tərk etmiş, amma bundan əvvəl FTB-dəki rəislərinə guya Almaniyaya valideynlərinə baş çəkməyə getdiyini bildirmişdi.
38 yaşlı xanım Greene Cuspertlə Skype-da danışmışdı. Onlar İstanbulda görüşməli və evləndikdən sonra Suriya sərhədini keçməli idilər.
Lakin qadın Suriyaya gəldikdən sonra kimliyi açıqlanmayan bir nəfərə e-mail-lər göndərərək peşman olduğunu bildirirdi.
O iyunun 8-də yazdığı məktubda "nə etməli olduğunu bilmədiyini" yazırdı.
Çexoslovakiyada doğulmuş, lakin Almaniya və ABŞ-da böyüyüb başa çatmış Greene nəhayət Amerikaya qayıda bilib və dərhal terrorizm ittihamı ilə həbs olunub.
O iki il həbsxana cəzası yatdıqdan sonra azadlığa çıxıb.
"The Telegraph" yazır ki, işə baxan hakimin bəzi sənədləri açıqlaması ilə faş olan bu əhvalat ABŞ məxfi xidmətlərinin pərtliyinə səbəb olub.
Buna baxmayaraq FTB-nin xanım Greene-dən şübhələnmək üçün heç bir əsası olmayıb. Onu alman dilini mükəmməl bildiyi üçün işə götürmüşdülər və diqqətlə yoxlamışdılar.
Məqalədə deyilir ki, xanım Greene Suriyaya cihadçı sevgilisinin görüşünə gedəndə bir amerikalıda ərdə idi.
Qəzet yazır ki, Greene hazırda mehmanxanalardan birində növbətçi işləyir.
Mediaya verdiyi qısa müsahibədə keçmiş qaçaq FTB agenti deyib ki, əhvalatın bütün təfərrüatlarını aça bilməz, çünki Almaniyadakı valideynlərinin həyatı üçün narahatlıq keçirir.
Xanım Greene-in vəkili Shawn Moore onu "ağıllı, bilikli, amma açıq-aşkar sadəlövh" adam adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun