"Bunların sözü odur ki, biz olan yerdə sən pul qazana bilməzsən"

"Bunların sözü odur ki, biz olan yerdə sən pul qazana bilməzsən"
5 May 2017
Mətni dəyiş
""Xalqlar Dostluğu" yarmarkasının yaxınlığında kafe işlədirdim. Hər bir sənədi vardı. Qəfil gəldilər, söküb qoydular yerə. Niyə, nə səbəbə, bilmədik. Ordan-burdan eşitmişik ki, başçı bu ərazidə özü obyekt tikdirəcək".
Bakı sakini Eyyub Kərimov illərdir ki, sahibi olduğu kafenin binasının qəfil sökülməsinin səbəbini dəqiqliyi ilə bilmir. Bildiyi odur ki, obyekt tam qanuni fəaliyyət göstərib və vergi ödəyib.
“YAŞILLIĞI DA MƏHV ELƏDİLƏR”
"Culfa" kafesini Nizami rayon İcra Hakimiyyəti söküb. Hətta ərazidəki ağaclar da qırılıb. Sahibkar hadisəni özbaşınalıq kimi qiymətləndirir:
"Kafenin yerləşdiyi ərazini özümüz abad eləmişdik, ağaclar əkmişdik. Əsasən, çaya toplaşırdılar. Binaların arasındaydı, xudmani ərazisi vardı, skamyalar qoyulmuşdu, daha çox yayda fəaliyyət göstərirdi. Adamlar sərinləməyə axşamlar yığışıb çaydan içib, nərddən oynayırdılar. İndisə yaşıllığı da məhv ediblər. Bunların məqsədi nədir, bununla nə demək istəyirlər, son sözləri nədir, anlaşılan deyil".
Obyekti dağıdılan təkcə Eyyub Kərimov deyil. Məcnun Hacıyevin də “Neftçilər” metrosu yaxınlığında çayxana kimi istifadə etdiyi obyekt dağıdılıb. Onun sözlərinə görə, icra hakimiyyəti çayxananın yerləşdiyi ərazidə abadlıq işləri aparıldığını əsas gətirərək obyekti söküb. Ancaq az sonra çayxana sahibi ərazidə iri ticarət məkanı tikildiyinin şahidi olub:
"Bunların sözü odur ki, ‘biz olan yerdə sən pul qazana bilməzsən’. Yaşıllığın arasında xudmani bir çayxana idi, adamlar yayda toplaşıb pivədən, çaydan içib, nərddən, dominodan oynayır, həm də yaşıllıqda sərinləyirdilər. Bunların bir məqsədi öz obyektlərini, ticarətlərini genişləndirməkdir, bir məqsədi də adamların bir yerə toplaşmasının qarşısını almaq... Bir gülləylə iki quş vururlar".
“SƏNƏDLƏŞMƏ YARIMÇIQ İDİ”
Əsasən, metronun “Neftçilər” stansiyasının ətrafındakı səkilərdə son iki ildə iri ticarət obyektləri tikilib. Bu yaxınlarda "Qaynar xətt"ə şikayət edən Bakı sakinləri piyada səkilərində inşa olunan iri ticarət obyektlərinin gediş-gəlişi məhdudlaşdırdığını bildirirdilər.
Nizami rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Eyyub Kərimova məxsus iaşə obyekti ərazidəki abadlıq işləri ilə əlaqədar sökülüb:
"Həm də ətrafdakı binalardan narazılıqlar vardı. Kafe yaşayış yerinə yaxın olduğundan sakinlər narazılıq edirdi. Sənədə-sübuta gəlincə, obyektin sənədləşməsi yarımçıq idi".
Hüquqşünas Namizəd Səfərov deyir, əgər sahibkarın fəaliyyəti qanuni olubsa, ona kompensasiya ödənilməlidir. Əks halda, sahibkar Nizami rayon icra hakimiyyətinə məhkəmə davası aça bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun