Putinin silah bazarında satış kəskin azalıb

Putinin silah bazarında satış kəskin azalıb
28 Aprel 2017
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin bu həftə müdafiə şirkətlərinin iclasında deyib ki, ölkənin qlobal silah bazarında yeri möhkəmləndirilməlidir. O, Rusiya silah-sursatını almağa görünməmiş istəyin mövcud olduğunu da dilə gətirib və bunu Suriyadakı antiterror əməliyyatlarında rus silahlarının "real döyüş şəraitində səmərəli istifadəsi"ylə izah edib.
Amma "Bloomberg" agentliyinin saytında Tobin Harshaw yazır ki, illərcə davam edən fenomenal artımdan sonra Rusiya silahlarının ixracı durğunluq dövrünü yaşayır. Bu, neftin qiymətinin düşdüyü, iqtisadiyyatın bundan zərər gördüyü bir dönəmə təsadüf edir.
Bu sahədə aparıcı ekspertlərdən olan Sergei Denisentsev-in sözlərinə görə, Rusiya 2005-2013-cü illərdə satışı üç dəfəyə yaxın artırıb. Ondan sonra ilbəil satış düşüb. Bu yaxınlarda Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən forumda S.Denisentsev bunu bir neçə səbəblə izah edib.
BAZARLAR SEYRƏLİR
Birinci səbəb Çin və Hindistanla bağlıdır. Bu ölkələr Rusiya ixracının, az qala, yarısını həzm edirdilər. Amma indi satış azalıb. Çinlilər rusiyalıların təcrübəsini mənimsəyərək özlərinin təyyarələrini və gəmilərini qurublar. Artıq Hindistan da öz hərbi avadanlığını yaradır. Hindistan getdikcə daha çox ABŞ-ın orbitinə keçir. Bu ay isə İsraillə müxtəlif silahların alışı üzrə 2 milyard dollarlıq saziş bağlayıb.
Digər böyük bazar sayılan Vyetnam da ötən ildən Birləşmiş Ştatların üzünə açılıb, prezident Barack Obama bu ölkəyə satış qadağasını qaldırıb.
İkinci səbəb neftin ucuzlaşmasıdır. Əlcəzair və Nigeriya Rusiyadan təyyarə alışına dair kontrakt imzalasalar da, neft gəlirləri quruduğundan bu sektora xərcləmələr azalır. Rusiya silahlarının digər müştərisi Azərbaycan isə silah idxalını 36 faiz kəsib. Qərbin sanksiyalarından qurtulmuş İran iqtisadiyyatı hələ özünə gəlməyib. Suriya isə müştəridən çox, xeyriyyə obyektinə, yaxud da sınaq meydançasına çevrilib.
"UCUZ VƏ ÖLÜMCÜL SİLAHLAR"
"Dövlət mediası iddia edir ki, Cənubi Amerika ölkələri qırıcı təyyarələr almaqda maraqlıdırlar, lakin buna elə bir sübut yoxdur və propoqandaya oxşayır. 2007-ci ildən bəri həmin regionda xərcləmələr ən aşağı səviyyəyə düşüb. Əhalisinin süd və yumurta axtardığı Venesuelanın 37 milyon dollarlıq "Su-30" qırıcısına bədxərclik edəcəyi inandırıcı görünmür", – müəllif yazır.
Sonuncu problem isə Rusiyanın yüksək texnologiya əsrində "ucuz və ölümcül" silah istehsalına üstünlük verməsidir. Di gəl, Çin və Hindistan kimi keçmiş müştəriləri varlandıqca, Rusiya da daha bahalı silahlar buraxmağa məcbur olur.
"Yeni nəsil qırıcılarının və müdafiə sistemlərinin hazırlanmasında isə Moskva rəqabət üstünlüyünü itirməkdədir. Amerika şirkətlərinin nüfuzunu nəzərə alanda, Rusiyadan silah almağa daha az ölkə meyllənir", – məqalədə vurğulanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun