Kamerası dəyişdirilən Mehman Hüseynov indiki şəraitindən narazıdır

Kamerası dəyişdirilən Mehman Hüseynov indiki şəraitindən narazıdır
20 Aprel 2017
Mətni dəyiş
Aprelin 19-da vəkil Elçin Sadıqov 2 il azadlıqdan məhrum edilən bloger Mehman Hüseynovla görüşüb.
Abzas.net xəbər verir ki, bu barədə vəkil sosial şəbəkədə məlumat verib. Elçin Sadıqov bildirib ki, məhbus blogerin əhvalı normaldır:
"Bakı Apelyasiya Məhkəməsinin 12 aprel tarixli qərarı təcridxanaya daxil olduğu üçün dünən öz kamerasından digər, tranzit (etapa gedən) məhbusların saxlandığı hücrəyə köçürülüb. Saxlanılma şəraitindən narazıdır. Ona məhbus üçün minimumlar təmin edilmir".
Elçin Sadıqov Mehman Hüseynovun aprelin 19-da Cəzaçəkmə Müəsissəsinə köçürüləcəyini gözlədiyini bildirib.
Nəsimi RPİ-nin rəisi Musa Musayev Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun