Ekspert: "Tələbə qəbuluna dövlət büdcəsindən vəsait ayrılmalıdır"

Ekspert: "Tələbə qəbuluna dövlət büdcəsindən vəsait ayrılmalıdır"
25 Aprel 2017
Mətni dəyiş
"Dövlət İmtahan Mərkəzinə Dövlət Büdcəsindən vəsait ayrılmalıdır ki, DİM-ə müraciətlər azalmasın"
Bu sözləri Abzas.net-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında deyib ki, DİM-in saytına bütün materiallar açıq yüklənib. O, bildirib ki, insanlar onu indidən yükləyə bilərlər, çünki 1 il sonra bu xidmət pullu olacaq.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Ədədov deyir ki, Dövlət İmtahan Mərkəzinə dövlət büdcəsindən vəsait ayrılmalıdır ki, DİM-ə müraciətlər azalmasın.
"2016-cı ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə TQDK ləğv olundu və onun yerinə publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yaradıldı. TQDK dövlət büdcəsindən maliyyələşirdi və hər il büdcədən 7 milyon manat ayrılırdı ki, bütün prosedurlar həyata keçilsin", - deyə K.Əsədov bildirib.
Ekspert deyir ki, DİM yarandıqdan sonra dövlət büdcəsindən maliyyələşməyəcəkdi və göstərdiyi xidmətlərin müqabilində gəlir əldə edib öz büdcəsini formalaşdıracaqdı. Ona görə də, əvvəlki illərdən fərqli olaraq təşkil etdikləri imtahanların qiymətinə ciddi şəkildə dəyişiklik etdilər:
"Hesab edirəm ki, bu tipli qurumlar datasiya qaydası ilə işləməlidir. Necə ki, metropoliten idarəsinin göstərdiyi xidmətlərə nisbətən qiymətləri ucuzdur, DİM-də belə etməlidir ki, insanların müraciətləri azalmasın. Dövlət büdcəsindən də vəsaitlər ayrılmalıdır".
K.Əsədov deyir ki, əgər 2010-cu ildə müraciət edənləri sayı 110 min nəfər idisə, bu il 69 min nəfər müraciət edib. Onun sözlərinə görə, 2010-cu ildə 28 min plan yeri var idisə, 2017-ci ildə 40 min plan yeri var.
"Təhsil əlçatan olmalıdır, amma qiymətlərin qalxması onları bu hüquqdan məhrum edir. Ola bilər ki, Bakıda imtahanların 40-60 manat olması problem olmaz. Amma bu rayonlarda yaşayanlar üçün ciddi və böyük rəqəmdir" - deyə K.Əsədov bildirib.
Saytın pullu olmasına münasibət bildirən ekspert deyir ki, müəyyən xidmətlər pullu ola bilər, ancaq informasiya xarakterli xidmətlər pullu ola bilməz.
"Birincisi, "İnformasiya əldəetmə" haqqında Azərbaycan Respublikası qanunu var. Hər kəs, informasiyanı maneəsiz şəkildə almalıdır. Amma saytın pullu olması, insanların müəyyən hissəsin bu hüquqdan məhrum edir.
İkincisi, ölkə prezidentinin də sərəncamı var ki, elektron xidmətlər pulsuz olaraq göstərilməlidir" - deyə K.Əsədov bildirib.
Kamran Əsədov deyib ki, bu məsələlər aradan qaldırılmasa təhsilin sağlam inkişafına təsir edə bilər:
"Bu məsələlər həll olunmalıdır. DİM-in funksiyasını həyata keçirən alternativ qurumlar yaradılmalıdır, o zaman rəqabətlilik olar və pullu xidmətlərdən danışmaq olar. Vahid seçim imkanının pullu olması qəbul edilməzdir. Başqa bir yol isə, DİM-in əvvəlki kimi dövlət büdcəsindən maliyyələşməsidir. Təhsilin inkişafı üçün bunları etmək olar".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun