Avropa Məhkəməsi daha 4 iş üzrə araşdırmaya başlayır

Avropa Məhkəməsi daha 4 iş üzrə araşdırmaya başlayır
11 Aprel 2017
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha 4 şikayəti araşdırmağa başlayıb. Sözügedən şikayətlər əsasən, mülkiyyət və ifadə azadlığı hüququnun pozuntusundan verilib. Bu haqda AzadliqRadiosu məhkəmənin saytına istinadən xəbər verir.
Şikayətlərdən biri “Yehova Şahidləri” dini icmasının Azərbaycanda məhkəmə işi ilə bağlıdır. Adıçəkilən şikayətdə 8 il əvvəl icmanın Azərbaycana dini məzmunlu kitablar gətirməsinə qadağa qoyulmasından bəhs edilir.
Dini icma hesab edir ki, bu, onların Avropa Konvensiyasının 9-cu (vicdan azadlığı), 10-cu (ifadə azadlığı) və 14-cü (dini ayrı seçkilik) maddələrində nəzərdə tutulan hüquqlarını pozub.
“Cahangirov və başqaları Azərbaycana qarşı” işi üzrə şikayət evlərin, ofislərin dövlət ehtiyaclarından ötrü vətəndaşlardan alınması ilə bağlıdır. Həmin işdə 22 vətəndaş şikayətçidir. Həmin şikayətçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər.
“Kapelko və digərləri Azərbaycan qarşı” işdə də şikayətçilər mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər. Həmin işdə 5 vətəndaşın mülkiyyətinin Bakıda aparılan abadlaşma işləri əsası ilə alınmasından söhbət gedir.
“Quliyeva Azərbaycana qarşı” işdə də mülkiyyət hüququnun pozuntusundan şikayət olunub.
Bütün şikayətlərdə pozuntuların tanınması və hökumətin bu pozuntulara görə təzminat ödəməsi istənilir.
Avropa İnsan Hüquqları Məhkəməsi həmin işlərlə bağlı, artıq hökumətə suallar göndərib.
Ötən həftə AİHM Azərbaycandan göndərilən 11 şikayətlə bağlı qərar çıxararaq hökuməti 82 min avro cərimələnmişdi. Həmin şikayətlərdə isə sərbəst toplaşmaq hüququnun pozulduğundan bəhs edilirdi.
Son illər Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin artdığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun