Ermənistan: iki siyasi blok Avrasiya İqtisadi İttifaqından çıxmağı vəd edir

Ermənistan: iki siyasi blok Avrasiya İqtisadi İttifaqından çıxmağı vəd edir
1 Aprel 2017
Mətni dəyiş
Ermənistanda parlament seçkilərinə qatılan iki siyasi qüvvə, hakimiyyətə gəlsələr, ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması prosesini başlamağı vəd edirlər.
"Çıxış" seçki bloku və Azad Demokratlar Partiyası Ermənistanın Aİİ-yə daxil olmasını səhv hesab edirlər.
"Çıxış" blokunun liderləri Nikol Paşinyan və Edmon Marukyan, ADP təmsilçiləri Xaçatur Kokobelyan və Hrant Baqratyan Ermənistanın Aİİ-yə daxil olmasına qarşı səs verən nadir millət vəkillərindəndir.
Ermənistanın Aİİ-yə üzvlüyü "nəinki ölkənin iqtisadi inkişafı və təhlükəsizliyinin möhkəmlənməsi ilə bağlı vəd edilən nəticələri verməyib, hətta Ermənistanın bütün sahələrdə - insan haqları, demokratiya iqtisadi - göstəricilərinə mənfi təsir edib", Azad Demokratlar bildirir.
"Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ölkə suverenliyi, təhlükəsizliyi, normal iqtisadi və siyasi inkişafı, Qarabağ probleminin ədalətli həlli üçün ciddi risk təşkil edir", - "Çıxış" seçki blokunun proqramında qeyd olunur.
Seçkilərdə qalib gəlsə, bu siyasi qüvvə Avropa İttifaqı ilə assosiasiya və dərin hərtərəfli azad ticarət zonası yaratmaq haqqında saziş imzalamaq danışıqlarına və Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün alternativ axtarışına başlamağı vəd edir.
Seçkilərdə iştirak edən digər partiya və blokları Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü narahat etmir.
Hakim Ermənistan Respublikaçılar Partiyası, Erməni Milli Konqresi, Firavan Ermənistan, Daşnaksutyun və Qanunçuluq Ölkəsi partiyaları Ermənistanın İttifaqa daxil olması lehinə səs veriblər.
Hakim ERP-nin seçki proqramında Ermənistan Respublikasının müttəfiqi Rusiya Federasiyası ilə "strateji tərəfdaşlığı yeni səviyyəyə" qaldırmağı vəd edilir.
[caption id="attachment_29962" align="alignnone" width="900"] Arxiv - Ermənistan hakim partiyasının qurultayı, Serj Sarkisyan yenidən sədr seçilir[/caption]
Hakim partiya Ermənistanın Aİİ daxilində "geniş iqtisadi imkanlara" malik olduğunu qeyd edir.
ERP "yeni Amerika administrasiyası zamanında həmçinin ABŞ-la dostluq tərəfdaşlığına yeni dinamika" veriləcəyi, Fransa, Almaniya, Yunanıstan və başqa Avropa ölkələri ilə "ümumi sivilizasiya dəyərləri sistemi əsasında" münasibətlərin inkişaf etdiriləcəyini bildirir.
Əsasını Firavan Ermənistan Partiyası təşkil edən "Tsarukyan" bloku da "Ermənistan-Rusiya strateji tərəfdaşlığının dərinləşdirilməsi uğrunda" çıxış edir.
Hakimiyyətə gəldiyi halda siyasi qüvvə Aİİ, MDB və Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi çərçivəsində "fəal iştirakın" davam etdiriləcəyini vəd edir.
Hakim ERP-nin koalisiya üzrə tərəfdaşı Daşnaksutyun partiyası bəyan edir ki, Ermənistanın istənilən alyansa üzvlüyünün hər hansı tərəfə qarşı deyil, müstəsna olaraq Ermənistanın məqsədlərinin gerçələşməsinə xidmət etməlidir.
"Ermənistan müstəsna olaraq öz milli mənafeyinə və dövlətin strateji inkişaf perspektivlərinə əsaslanan siyasət yeritməlidir. Biz nə Amerika, nə Rusiya, nə də Avropa meylliyik, biz ermənimeylliyik. Xarici siyasətdə sırf milli maraqlarımıza əməl etmək lazımdır", - partiyanın seçki proqramında deyilir.
Seçkilərdə iştirak edən digər blok və partiyaların proqramında Ermənistanın Avrasiya İqtisadi İttifaqı və başqa iqtisadi və siyasi birliklərdə üzvlük mövzusu qaldırılmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun