Yoxsul ailədən çıxan Erdoğan realpolitikanı yaxşı bilir

Yoxsul ailədən çıxan Erdoğan realpolitikanı yaxşı bilir
15 Mart 2017
Mətni dəyiş
New Statesman jurnalı yazır ki, Hollandiyanın Rotterdam şəhərində Türkiyə hökumətinin mitinqinin keçirilməsinə icazə verilməməsi və bunun ardınca polisin türkləri dəyənəklərlə qovması, bunun niyyətindən asılı olmayaraq Türkiyənin müstəsnalığına dair bir çox türklərin hissiyatını daha da qızışdırmış olacaq.
"Milli və dini müstəsnalıq Erdoğan erasının yağ-şörəyidir. Məhz bu səbədən də ABŞ-da Clinton tərəfindən "tör-töküntü" adlandırılanlar nəticədə "xilaskarları" kimi Domnald Trump-ı dəstəkləyiblər".
Məcmuə yazır ki, eyni şəkildə Rusiyaya qarşı sanksiyalar da Putinə geniş dəstək yaradıb.
Məqalədə deyilir ki, Avropada Erdoğan rejiminin mitinqlərinin keçirilməsi bir neçə etibarlı səbəblə qadağan oluna bilərdi. Erdoğan rejimi liberalları təqib edir, Avropadan tələb etdiyi haqları öz vətəndaşlarına tanımır.
Müəllif hesab edir ki, Avropa ölkələri Erdoğan mitinqlərini qadağan edərkən məhz bu səbəbi aydın və ucadan bildirməliydilər. Məsələn, Avstriyada Türkiyə mitinqləri yanğın təhlükəsizliyi bəhanəsi ilə qadağan olunub. Almaniyada isə bəzi Türkiyə nazirlərinə türk mitinqlərində çıxış etmək icazəsi verilsə də, digər nazirlərə belə bir imkan yaradılmayıb.
Almaniya parlamentinin üzvü Cem Özdemir deyib ki, Almaniya Türkiyə hökumətinə Almaniyada mitinqlər keçirmək icazəsinin verilib-verilməməsini Türkiyədə vətəndaşlara belə bir imkanın verilməməsi ilə bağlamalıydı.
New Statesman yazır ki, ziddiyyətlərə digər bir səbəb Türkiyə miqrantlarına Avropa ölkələrində ucuz işçi qüvvəsi və ikinci dərəcəli vətəndaş kimi münasibət göstərilməsidir. Məsələn Almaniyada türk miqrantlar üçün işlədilən "Gastarbeiter" sözünün birbaşa mənası "qonaq işçi" deməkdir.
Məqalədə deyilir ki, belə bir münasibət "hətta Erdoğana nifrət edən türk miqrantlarını" da narahat edir.
New Statesman hesab edir ki, Avropa hökumətləri Almaniyada, Hollandiyada və Avstriyada erdoğanpərəst dərnəklərin yüksəlişinə diqqətlə yanaşmayıblar. Halbuki Ankara bu ölkələrdə dini şəbəkə və icmaları qızğın şəkildə dəstəkləyir.
Məqalədə deyilir ki, bu vəziyyətdən istifadə edən Erdoğan AKP-si Avropa qitəsi boyunca nəhəng və kifayət qədər zəngin türk elektoratını səfərbər edə bilib.
Müəllif yazır ki, bu, bir çox müşahidəçiləri Türkiyə ilə bütün əlaqələrin kəsilməsi müdrikliyinə inandırır. Lakin hazırkı eskalasiya Erdoğanı özbaşına buraxmağın uğursuzluğunu göstərir.
Özü yoxsulluq şəraitində boya-başa çatmış Erdoğanın güclü təbii realpolitika hissi var və o Avropa ilə necə sövdələşməyin yollarını yaxşı bilir. Suriya qaçqınları ilə manipulyasiya buna bariz nümunədir.
Bütün bunlar, hətta Erdoğanın öz AKP partiyasında da onun düzgün yolda olmadığını düşünənlərin olmasına baxmayaraq Türkiyə prezidentinin mövqeyini möhkəmlədib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun