Tələbələrə yanvar ayından təqaüd verilmir [Səbəb]

Tələbələrə yanvar ayından təqaüd verilmir [Səbəb]
18 Mart 2017
Mətni dəyiş
Bakıdakı universtitetlərin bir çoxunda tələbələrə yanvar ayı daxil olmaqla həmin aydan təqaüdlər verilmir.
Bu barədə Abzas.net-ə adlarının çəkilməsini istəməyən Azərbaycan Musiqi Akademiyasının tələbələri məlumat verib. Onlar bildirirlər ki, təhsil müəssisəsinin rəhbərliyi heç bir açıqlama etmədən təqaüdləri artıq üçüncü aydır vermir. Başqa universitetlərdə də oxşar vəziyyətdir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyası tələbələri Meydan TV-yə yanvar və fevral aylarının təqaüdlərini ala bilmədiklərini söyləyiblər:
“Universitet rəhbərliyi bununla bağlı bizə açıqlama da vermişdi. Demişdilər ki, bütün təqaüdlər martda veriləcək. İndi məlum oldu ki, təqaüdlərimiz martda da ödənməyəcək”.
Adlarının açıqlanmasını istəməyən tələbələr bildiriblər ki, təqaüdlərin verilməsi aprelə qalsa, gərək 4 ayı birdən ödəyələr. Onlar həmin pulların hansısa formada dövriyyəyə cəlb olunmasından şübhələnirlər:
“Yaxud valyuta konversiyasına cəlb olunur. Tələbələr yavaş -yavaş bu haqda paylaşımlar da edirlər. Problem gizlənəsi həddə deyil. Artıq 3-cü aydır ki, təqaüdümüzü ala bilmirik. Buna görə bizə normal bir açıqlama verən də yoxdur. Biz gecikmənin səbəbini bilmirik”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə əlaqə saxlayıb. Akademiyanın Həmkarlar İttifaqının sədri Yusif Ağayev əvvəlcə məlumatın yalan, əsassız olduğunu söyləyib. Daha sonra isə təqaüdlərin ödənəcəyini deyib:
“Narahat olmayın, təqaüdlər vaxtlı-vaxtında ödənəcək”.
“Azərbaycan Universitetləri” səhifəsi təqaüdlərin gecikdirilməsi ilə bağlı “Facebook” səhifəsində sorğu keçirib. Şərh yazanların deməsinə görə, Azərbaycan Turizm və Menecment Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Slavyan Universiteti, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Lənkəran Dövlət Universitetinin tələbələri son 2 aydır təqaüdlərini ala bilmirlər.
Bir müddət öncə Dövlət Texniki Universitetinin tələbələri də təqaüdlərinin verilməməsinə görə şikayət edirdilər. Onlar oktyabr və noyabr aylarının təqaüdünü ala bilmədiklərini deyirdilər. Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev həqiqətən də tələbələrin 2 aydır təqaüd ala bilmədiyini, yazdıqlarının doğru olduğunu təsdiqləmişdi. Buna səbəb dövlət büdcəsini göstərmişdi. “Büdcədən nə zaman pul köçürüləcəksə, tələbələr də o zaman təqaüdlərini alacaqlar”, - demişdi.
Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin geçikməsində hər hansı vəsait çatışmazlığından söhbət getmir:
"Bildiririk ki, dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun