Mehman Hüseynovun 10-dan çox vəsatəti təmin edilmədi

Mehman Hüseynovun 10-dan çox vəsatəti təmin edilmədi
29 Mart 2017
Mətni dəyiş
Həbsdə olan blogger Mehman Hüseynovun Suraxanı rayon məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başlayıb.
Abzas.net xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış edib.
Onlar prosesin audio-video görüntülərinin qeydə alınmasını, müdafiə etdikləri şəxsin vəkillərinin yanında oturmasını, həbs-qətimkan tədbirinin dəyişdirilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını istəyiblər.
Bloqqerin müdafiəçiləri həmçinin, xüsusi ittihamçı olan Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin məhkəmə dindirilməsini, Mehman Hüseynovun saxlanınan zaman Nəsimi rayon Polis İdarəsində olan müşahidə kameralarının məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini və bu təmin olunmayacağı təqdirdə işin birinci instansiya məhkəməsinə qaytarılmasını tələb ediblər.
Hakim vəsatətləri təmin etməyib. Məhkəmə baxışı aprelin 10-a təyin edilib.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib
Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun