"Maddi çətinliklərin və məişət problemlərinin artması boşanmalara gətirir"

"Maddi çətinliklərin və məişət problemlərinin artması boşanmalara gətirir"
26 Mart 2017
Mətni dəyiş
Ədliyyə Nazirliyi son dörd ildəki boşanmalara dair rəsmi statistikanı açıqlayıb. 2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb.
"İnternet resurslarının ailədaxili münaqişələr yaratması, həyatın virtuallaşması boşanmalara gətirib çıxaran amillərdən biridir"
Bu sözləri Abzas.net-ə 2016-cı ildə boşanma hallarının artmasına münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib.
Psixoloqun sözlərinə görə, tərəflərin bir-birindən gözləntilərinin artması, az bir zamanda çox şeyi əldə etmək istəkləri də boşanmaya gətirib çıxara bilir.
[caption id="attachment_29134" align="alignnone" width="960"] Psixoloq Elnur Rüstəmov[/caption]
"Səbəblər müxtəlifdir.  Siz araşdırsanız görəcəksiniz ki, boşanan ailələr içində evlənib 2 ay sonra boşananlar var, 1 il sonra boşananlar var və 20 il sonra boşananlar var. Biz iş prosesində də rast gəlirik ki, ailə institunun dağılmasına səbəb olan amillər əsasən internet resurslarının ailədaxili münaqişələr yaratması, həyatın virtuallaşması və tərəflərin bir-birindən gözləntilərinin artmasıdır.  Qısa bir zamanda çox şeyə nail olmaq istəyirlər" - deyə E.Rüstəmov bildirib.
Elnur Rüstəmov deyir ki, 20-30 il bundan əvvələ nəzər salsaq görərik ki, 20-30 il öncə qurulan ailələrdə komfort indiki kimi yaxşı səviyyədə deyildi, ancaq bu boşanmalara gətirib çıxarmırdı.
"Xüsusi ilə vurğulamaq istəyirəm ki, siz 20-30 il bundan əvvəl qurulan ailələrə baxsanız, görəcəksiniz ki, onlar indiki ailələr kimi komfortlu yaşamayıblar. Hətta bəzən qaynana-qaynata və iki gəlin iki otağlı bir evdə yaşayıblar. Bu gün bu problem mövcud deyil. Ən azından çıxıb kirayədə yaşaya bilirlər" - deyə psixoloq bildirib.
E.Rüstəmov deyir ki, qabaqlayıcı tədbirlərin görülməsi zəruridir, əks halda boşanma halları ciddi şəkildə artacaq.
"Qabaqlayıcı tədbirlər görülməlidir. Təbii ki, hər hansısa konflikt yarandıqda ağsaqqal, ağbirçək sözü vacibdir, ancaq yenə də tərəflərlə mütəxəsislər də söhbətləşməlidirlər. Problem hansı məsələyə görədirsə, o sahəyə uyğun mütəxəsislər işə qarşı bəlkə, tərəfləri fikrindən yayındıra bilər. Digər bir məsələ odur ki, ailələr boşanmaq üçün məhkəmələrə müraciət etdikdə, məhkəmələr onları psixoloq yanına göndərməlidirlər. Bu, özəl müəssisələrdə də ola bilər, dövlətin nəznində də ola bilər, amma mütləq olmalıdır. O zaman biz görəcəyik ki, 20-30% ailələri fikirlərindən daşındıra bilmişik" - deyə psixoloq bildirib.
"Min illərdir alimlər, müdrik insanlar deyir ki, əgər bir cəmiyyətdə maddi maraqlar mənəvi dəyərləri kölgədə qoyursa, o cəmiyyətdə hər zaman gərginlik olacaq".
Bu sözləri isə məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloqun sözlərinə görə, hətta dünyada baş verən qlobal hadisələr, problemlər də Azərbaycanda boşanma hallarının çoxalmasına gətirib çıxardır.
[caption id="attachment_29135" align="alignnone" width="800"] Sosioloq Əhməd Qəşəmoğlu[/caption]
"Bir tərəfdən ölkədəki müəyyən məsələlər, bir tərəfdən də dünyada baş verən proseslər hansısa şəkildə bizə də təsir edir. İnsanlar bəzən qərbə baxıb qərbin yaxşı tərəflərini yox, daha açıq, gözəçarpan tərəflərini qərb mədəniyyəti hesab edir. Sərbəstlik, açıq-saçıq geyinmək, ümumiyyətlə. bu cür məsələlər və maddi maraqların önə çıxması ailələrin dağılmasına səbəb olur" - deyə Ə.Qəşəmoğlu bildirib.
Sosioloq deyir ki, ailələr qarşılıqlı hörmət, məhəbbət üzərində qurulsa, boşanma halları azalar.
"Məsələ kasıbçılıq deyil. 20-30 il bundan əvvəl insanların maddi durumu çox zəif idi, amma boşanma halları bu qədər deyildi. Məsələ odur ki, ailələr maddi maraqlar üzərində qurulmamalıdır. Boşanmaların əsas səbəbi maddi maraqların önə keçməsidir" - deyə sosioloq Əhməd Qəşəmoğlu bildirib.
Psixoloq Azad İsazadə isə saytımıza açıqlamasında bildirir ki, boşanmaların əsas səbəbi Azərbaycan cəmiyyətində aqressiyanın artması ilə əlaqədardır.
[caption id="attachment_19685" align="alignnone" width="1261"] Psixoloq Azad İsazadə[/caption]
"İnsanların maddi çətinliklərinin artması, məişət problemlərinin artması cəmiyyətdə aqressiya yaradır. Bu aqressiya da boşanma hallarına gətirib çıxardır" - deyə A.İsazadə bildirib.
Azad İsazadə deyir ki, ümumiyyətlə boşanmalar hər zaman mənfi qarşılanmalı deyil.
"Bəzən ailədaxili münaqişələr, dözülməz hal yaradır. Ailə başçısı narkoman, içki asılılıqı olan biri olursa, ailədə xanımına, uşaqlara işgəncələr verirsə, döyürsə boşanmalar qaçılmazdır və müsbətdir. Artıq insanlar öz hüquqlarını bilirlər və bunun özü də boşanmaların artmasına təkan verir" - deyə psixoloq Azad İsazadə bildirib
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun