Aşotun fəryadı bizimkindən daha maraqlıdır? - Fuad Əhmədli

Aşotun fəryadı bizimkindən daha maraqlıdır? - Fuad Əhmədli
16 Mart 2017
Mətni dəyiş
Siyasi məhbus - Fuad Əhmədli
 
Əziz və hörmətli Azneft dairəsi!
Əvvəla salam! Bilməni və rahatlanmanı istəyirəm ki, Tanrının izniylə balandamızdan, “perlova”mızdan , “qreçka”mızdan , qara çörəyimizdən, “pişmaniyə”mizdən yeyib, sağ və salamat qalmağa çalışırıq. Sənin də sağ-salamat olduğuna bütün könlümüzlə inanır və dua edirik. Bəlkə də ilin-günün bu vaxtı səni yad etməyim bir az təəccüblü görünər . Amma hövsələ elə, mən ərz eyləyim, sən də agah ol. Deməli, bundan əvvəl yazdığım məktubların demək olar ki, hamısını mənə böyük qardaş əvəzi olan, “dayı” adını təltif edən Mahirlə Ramala yazırdım. Bütün məktublarda da ürəyimi boşaldıb hamıya demək istədiyim sözləri bir-bir çatdırırdım. Allah tərəfi, sonradan öyrənirdim ki, onlar da xətrimə dəyməyib, böyükdən- balacaya, müəllimdən-şagirdə, boz kardinalından üzüağ əsgərimizə kimi hamıya diləklərimi çatdırıblar. Di gəl ki, axırıncı məktubdan sonra Ramal qayıdıb cavab yazdı ki, “Ala dayı, bu boyda cayilsən, özün də adını “vicdan məhbusu” qoymusan. Özgəsinin sözünü, özgəsindən çatdırmağa nə var? Üç aydır buralardayam, dincliyim yoxdur sənin əlindən. Bu qədər məni özünə elçi tutub yazdığına, bircə dəfə də söz yiyəsinin özünə yaz, sənin də canın rahatlansın, mənim də”.
Açığı bu söz məni yaman tutdu, ay Azneft qardaş. Oturdum fikirləşdim ki, uşaq özlüyündə düşünər ki, yəqin dayım birbaşa özünə yazmağa qorxur.. Düzü, bir az da çəkdiyim “sroka” heyfsləndim.
Birtəhər özümü ələ alıb, təzəcə yazmağa başlayırdım ki, evdəkilərin dediyi yadıma düşdü:
“Bir aya məhkəmələrin başlayır, barı bu ərəfələri dinc otur, bəlkə buraxdılar”. Gördüyün kimi, mən də bu içinə multikulturalizm olmuş ümidə görə giley dostum olaraq səni seçdim və qorxudan səndən bircə tin nədi, heç bircə bina da olsun yuxarı qalxa bilmirəm.
Giley-güzar demiş, biz də burada hamımız “hökumət adamı” yox, adi dustaqlar olduğumuza görə cəmi iki kanala baxırıq. Ya AzTv-yə baxıb zaman verilişində Rəşad Şolan həkimə ağlaya-ağlaya dua edirik, ya da qar uçqunu və işsizlikdən əziyyət çəkən avropa xalqlarına…
Olan-qalan bircə “Azadlıq” qəzetimiz var idi ki, o da “Məhəllə”dəki Qüdrət demiş, “Lelinin zibilinə düşdü”. Xülasə, o gün xəbərlərdə “bütün sahələrdə iflasa uğramış” Ermənistan əhalisini göstərirdilər ki, bəs camaat tökülüşüb, Feysbukda, Tvitterdə üz – gözünü cırır ki, “Ay Azərbaycan höküməti çatın dadımıza”, “Cocuqmərcanlıdan sonra Şuşanı da itirəcəyik”, “Sarkisyan Ermənistan üçün nə edibsən?”, “Azərbaycan torpaq qaytarır biz isə meyid” və.s. Qardaş açığı içimdə bir “əcəb olub” sevinci oyandı. Fikirləşdim ki, qoy olsun. İstəməyənlərin Gülənlə məktublaşması ifşa olunsun, Eldar Mahmudovun aqibətini yaşasın. Görüm bizi gözü götürməyənlərin evlərindən Zahid Qaralovun, Səid Nursinin kitabları tapılsın. Sonra yenə barmağımı dişlədim ki, ay aman, birdən bizimkilərdən yenə də kiminsə ürəyi dözməz haa… Axı aprel döyüşlərində biz ermənilərin xahişiylə atəşkəs elan edib, cəbhədə gedən uğurlu hərbi əməliyyatlarımızı dayandırmışıq. Ondan əvvəl 2015-ci il Avropa oyunları ərəfəsində həmin “ac, səfil, miskin” ermənilərdən 20-30 nəfəri də Bakıya gətirib bütün xərclərini özümüz çəkmişdik. Hələ ürəyimiz soyumamışdı, gedənbaşı da ciblərinə “siqaret pulu” basıb geri göndərmişdik. Heç Gürcüstanda erməni kilsələrinə pulsuz qaz paylamağımızdan danışmıram. Yox, qadan alım. Comərdlikdə, ürəyiaçıqlıqda, qonaqpərvərlikdə həqiqətən də analoqumuz yoxdur. Diqqət elə, 24 ildir Azərbaycan türkcəsində bu qədər adam yazır ki, seçkiləri saxtalaşdırma, günahsız insanları əsassız yerə həbsdə saxlama, büdcəni sağa-sola, boş-boş “Formula 1”, “İslam oyunları” yarışlarına dağıtma, müəllimlərə, həkimlərə, Qarabağ qazilərinə, ümumən xalqa kütlə yox, xalq kimi yanaş, amma ağalarımızın vecinə deyil.
Yeri gəlmişkən, ay Azneft qardaş, sən bilərsən, nədəndir ki, ikimiz də eyni sosial şəbəkələrdə yaza-yaza biz yazırıq doluruq Kürdəxanıya, onlar yazır çıxır Aztv-yə? Yəni, AzTv-nin başbilənlərinin yanında Aşot qədər də hörmətimiz yoxdur?
Hələ yazmaq bir yana bir dəfə acığa düşüb Türkel Azərtürkə, “Azərbaycan Saatı” radiosuna səsli reportaj da göndərmişdim. Amma ona deyəsən dəqiq qulaq asmışdılar. Çünki, veriliş radiodalğaya çıxandan 3 gün sonra DTX-nın 4-cü mərtəbəsində prokurorluğun müstəntiqi Orxan Babayev ilk radio layihəmin “xeyir-dua”sını verirdi. Elə bu olay da Kürdəxanı akademiyasına giriş biletim oldu.
Nəsə ay dədə, bir az danışdım, sənə də başağrısı oldum yəqin ki. Amma neyniyim, şairin sözü olmasın “desəm öldürərlər, deməsəm ölləm”.
O gün xəbərlərdən eşitdik ki, qaçqın və məcburi köçkünlərlə iş üzrə komitə sədri Əli müəllim deyib ki, bəzi imkanlı məcburi köçkünlər onlar üçün ayrılan 36 manat müavinətdən imtina edib, böyük bir səxavət göstərmişlər və cənab prezidentin Cocuq Mərcanlı kəndinə dair “Böyük Qayıdış” layihəsindən təsirlənərək, həmin pulun dövlət büdcəsinə keçməsini xahiş ediblər. Beləcə, məsələyə ümumi baxanda, bəy verən atın dişinə baxmazlar. Söhbət heç də o 36 manata cəmi 4 kq ət almağın mümkünlüyündən yox, həmin vətəndaşlarımızın comərdliyindən gedir. Lap dərinə getmirəm. Nə qədər də olmasa gündə 2 dəfə prezidenti görən dairəsən. Özün başa düş.
P.S Bu yazını yazdığım gün 2 fevral gənclər gününə təsadüf edir. Bu münasibətlə biz də başda Elvin Abdullayev, Bayram Məmmədov, Qiyas İbrahimov, İlkin Rüstəmzadə, Əbdül Əbilov, Murad Ədilov, Elgiz Qəhrəman olmaqla, gənclər adından bütün YAP komandasını və xüsusilə ölkə rəhbərliyini təbrik edir və bizim “rifah”ımız üçün hazırlanan gənclər siyasəti proqramından onların da övladlarının doyunca dadmasını arzu edirik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun