İş adamları icra hakimiyyətindən pullarını ala bilmədiklərini deyirlər

İş adamları icra hakimiyyətindən pullarını ala bilmədiklərini deyirlər
13 Mart 2017
Mətni dəyiş
2016-cı ildə Sumqayıt şəhərində aparılan abadlıq işləri üçün avadanlıq verən iş adamları pullarını şəhər İcra hakimiyyətindən ala bilmir. 
Meydan TV xəbər verir ki, bu barədə  iş adamları məlumat verib. Onların sözlərinə görə, 11 zərərçəkmiş şəxs dəfələrlə şəhər icra hakimiyyətinə, Prezident Administrasiyasına şikayət etsə də, şikayətlərinə məhəl qoyan yoxdur.
“İcra başçısı Zakir Fərəcovla görüşmək istəsək də, qəbul şöbəsindən deyirlər ki, başçı bu məsələ ilə bağlı heç kimi qəbul eləmir.
Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov hələ yanvarın ortalarında bildirdi ki, icra başçısı müalicədədir. 20 yanvarla bağlı tədbirləri keçirək, sonra sizin şikayətləri başçıya verəcəm, o, nə desə, edəcəm. Sonradan icra hakimiyyətindən xəbər çıxmadı”.
Zərərçəkmişlərdən Aydın Abdullayev deyir ki, icra hakimiyyətinin ona ümumilikdə 119532 manat borcu var.
Digər 10 iş adamının da aşağıdakı məbləğdə alacaqları var.
İsa Ümidvar oğlu Qasımov -136500 manat
Eyvaz Musa oğlu Abbasov - 201600 manat
Məhəmməd Abbasqulu oğlu Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün ) 
Çingiz Əfrayim oğlu Mansurov -248300 manat
Bilal Bayram oğlu Piriyev - 98339,50 manat 
Rəşad Haşım oğlu Abbasov - 35600 manat
Bəxtiyar Tapdıq oğlu Əlinağıyev - 10270 manat
Zöhrab Rafiq oğlu Rzayev - 264280 manat
İlham Musa oğlu Məmmədov - 297000manat
Elçin Məhəmməd oğlu Qarayev - 36000 manat
“İcra hakimiyyəti pulu vermədiyindən ötən il Müqayis Verdiyev bizim borcumuzu ödəyə bilmirdi. Nəticədə iş adamları mal, xammal verməkdən imtina etdilər, işlər yarımçıq qaldı” - Aydın Abdullayev deyir.
Aydın Abdullayev deyir ki, Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov onlarla görüşüb və deyib ki, ödənişi biz verəcəyik, prezident yaxın zamanlarda gələcək, işi yarımçıq qoymayın:
“27 sentyabr 2016-cı ildə Prezident Sumqayıt şəhərinə gəlib-getdikdən sonra Fəzail Hüseynov dedi ki, mən sizə belə söz deməmişəm, bizlik deyil, pulu Müqayis Verdiyevdən tələb edin. Hətta o, bizə hədə-qorxu gəldi ki, sizin başınıza oyun açaram, sizdən şikayət edərəm”.
Hazırda zərərçəkən iş adamları pullarını ala bilmirlər. Sumqayıt İcra Hakimiyyəti günahı Müqayis Verdiyevin üzərinə atır, ödənişin ona verildiyini iddia edir. M.Verdiyevsə ona cəmisi 4 milyon manata yaxın ödənişin edildiyini bildirir. Bu ödənişsə nağd qaydada həyata keçirilib, ortada heç bir sənəd, qəbz mövcud deyil.
İş adamı Müqayis Verdiyev 2015-ci  ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddələrinə əsasən ittiham edilir. Sumqayıt şəhərində yeni inşa edilən və açılışı prezident İlham Əliyev tərəfindən edilən bulvar M.Verdiyevin rəhbərlik etdiyi işçi qüvvəsi tərəfindən həyata keçirilib. Prezident tərəfindən açılışı edilən bulvarın təmir-tikinti işlərində çalışan fəhlələrin pulu indiyə kimi ödənilməyib. Bundan sonra M. Verdiyev həbs edilib. Lakin M.Verdiyev həbsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi əsasında həyata keçirildiyini, pulun icra hakimiyyəti tərəfindən ödənilməli olduğunu bildirib.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun