Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır - STATİSTİKA

Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır  - STATİSTİKA
2 Fevral 2017
Mətni dəyiş
“Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır”.
Bu haqda Modern.az-a vəkil Cavad Cavadov məlumat evrib.
O, Dövlət Statistika Komitəsinə 2016-cı ildə məhkəmədə baxılan mülki işlərin rəqəmləri barədə sorğu etsə də, bu məlumatın hələ hazır olmadığı bildirilib:
“Lakin keçən ilin ilk yarısında baxılmış işlər barədə məlumatlar təqdim edilib. Bunlar da çox maraqlıdır. 2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılmışdısa, yalnız 2016-cı ilin birinci yarısında bu rəqəm 166043 təşkil edib.
2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171 664 iş kredit münasibətlərindən irəli gələn işlər olubsa və bunlar ümumi işlərin 75,15 faizin təşkil etdiyi halda, yalnız keçən ilin ilk yarısında bu kateqoriyadan olan işlərin sayı 136 231 olub. Bu isə həmin dövr üçün işlərin ümumi həcminin 82 faizi edir. Şəxsi müşahidələrimə görə 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam edəcək”.
Vəkil statistik rəqəmlər əsasında aşağıdakı nəticələri açıqlayıb:
“1. Məhkəmələrin icraatlarında olan mülki işlərin 82 faizi kredit münasibətlərindən irəli gələn işlər olduğuna görə hakimlərin digər işlərin normal qaydada araşdırılması fiziki baxımdan mümkün olmur;
2. Məhkəmələrin iş yükü artan templə davam edir və burada hakimlərin sayının artırılmasının mənası yoxdur. Qanunvericilikdə dəyişikliklər olunmalı, bu tipli işlərin sayının azaldılması üçün (misal olaraq qonşu Rusiya Federasiyası nümünəsində) onlar notariat orqanına həvalə edilməlidir. Statistik rəqəmlərə görə,  onsuz da məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada (tərəfləri dəvət etmədən)-əmr icraatı qaydasında baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115415 məhkəmə əmri qəbul edilmişdir və bu həmin işlərin 84 fazini təşkil edir.
3. Beynəlxalq reytinq agentliyi "S&P" (Standard & Poor's) bu yaxınlarda ölkəmizlə bağlı yaydığı hesabatında məlumat vermişdi ki, Mərkəzi Bank problemli kreditlərin həcmini gizlədir və reallıqda onların sayı 9 faizdən xeyli çoxdur. Gətirdiyim statistik rəqəmlər bunu dolayısı ilə təsdiq edir.
4. Bu qədər sayda qəbul edilmiş işlər son nəticədə icra edilməsi üçün məhkəmə qərarlarını icrasını təmin edən icra qurumlarına təqdim olunur. Nəzərə alaq ki, icra şöbələrinə icra edilməsinin təmin edilməsi tələb olunan başqa işlərdə verildiyindən normalda heç bir icra qurumunun bu qədər sayda işlərin icrasını təmin edə bilməsi fiziki olaraq mümkün deyil”.
C.Cavadov qeyd edib ki, bu vəziyyətin yaranmasına əsas səbəblər vaxtında kreditlərin dollar-manat məsələsində borclulara banklar tərəfindən güzəşt olunmaması, hökumət tərəfindən bu yöndə qanunvericilik səviyyəsində heç bir tədbir görülməməsi, həmçinin ölkəyə neft pulları axan vaxtlarda problemli kreditlərinin bir qisminin bu vəsait hesabına silinməməsi və  s.dir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun