"Satışdakı kərə yağlarının 60%-i saxtadır”

"Satışdakı kərə yağlarının 60%-i saxtadır”
31 Yanvar 2017
Mətni dəyiş
Azərbaycanın kərə yağı bazarında istehlakçılara ən müxtəlif ad və markalarda müxtəlif yağların təqdim edildiyi bir həqiqətdir. Maraqlıdır, Azad İstehlakçılar Birliyi (AİB) kərə yağı bazarındakı mövcud durumun monitorinqini aparıbmı? Bu bazardakı yağların hamısı doğrudanmı istifadə üçün yararlıdır?
Moderator.az-a açıqlama verən AİB-nin sədri Eyyub Hüseynov bu sektordakı vəziyyətin əsla ürəkaçan olmadığını vurğuladı:
“Biz monitorinq aparmırıq. Sadəcə olaraq, gündəlik istehlakçı şikayətlərini qəbul edirik. Kərə yağları ilə bağlı hər gün 4-5 telefon zəngi gəlir. Kərə yağları sektoru bazarın çox çirklənmiş seqmentlərindən biridir. Mən bütün bu məsələlərə aydınlıq gətirmək üçün ötən il Yeni Zelandiyada keçirilən dünya konqresinə getmişdim. Həmin səfər zamanı Azərbaycana Yeni Zelandiyadan yağ göndərən zavodda oldum. Azərbaycan üçün hazırlanan yağ partiyasına baxdım. Yalnız orda əmin oldum ki, bu ölkədən Azərbaycana normal yağ göndərilir. Lakin bu gün daxili bazarda müxtəlif yağlar mövcuddur.
Keçən həftənin sonunda Sumqayıtdan bir istehlakçı zəng vurdu. O, nehrə yağı deyilən, lakin kərə yağı ilə heç bir əlaqəsi olmayan yağ haqqında bizə məlumat verdi. Biz hələ bu yağla bağlı araşdırma aparmamışıq. Vətəndaş o yağın etiketlərini bizə yollayıb. Etiketdə isə kərə yağından başqa hər şeyin tərkibi qeyd olunub. bB, qarışıq yağlardan hazırlanan, kərə yağı ilə əlaqəsi olmayan bir yağdır. Baxmayaraq ki, istehlakçıları aldadaraq onun üzərinə “kərə yağı” sözlərini yazırlar. Bu isə əlbəttə ki, yolverilməzdir. Biz çalışacayıq ki, bu yağlar bazarda satılmasın.
Kərə yağı adı ilə satılan yağların 60%-i müxtəlif bitki yağlarının qarışığından hazırlanır və onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun