Mehman Hüseynov: “Məmurları bu vəziyyətə gətirmək ləzzət edir”

Mehman Hüseynov: “Məmurları bu vəziyyətə gətirmək ləzzət edir”
6 Dekabr 2016
Mətni dəyiş
Abzas.net və SANCAQ səhifəsinin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mülkləri və onun gördüyü işlər barədə hazırladığı reportaj sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.
Reportajdan sonra nazir Səlim Müslümov AzTV-də efirə çıxdı və verilişdə hesabat xarakterli çıxış etdi.
Blogger Mehman Hüseynov nazirin reportajdan sonra dövlət kanalına çıxmasına sosial şəbəkədə münasibət bildirib. Bloqqer qeyd edib ki, məmurları bu vəziyyətə gətirib çıxarmaq ləzzət edir:
"Bu soyuq havada evdə oturub, kofemi içib Aztv-yə baxıb gülürəm. Dünən sosial şəbəkələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mülkləri və onun gördüyü işlər barədə reportaj yaymışdım. Bir neçə saatdan sonra AzTV həmin naziri efirə çıxarıb, camaatın ürəyini yumşaltmaq üçün nazirdən hesabat alırdı. Nazir də yazıq sifət alıb, il ərzində nə işlər gördüyü barədə xalqa hesabat verirdi..."
Bunlar belədir, ictimai qınaq olanda qorxudan tez efirə çıxıb camaatın könlünü alırlar, hesabat verirlər.
Nazir Səlim Müslümov dayanmadan inkişafdan danışır, deyir ki, bizim sosial durumumuz dünyada ən yaxşısı sayılır. Ay cənab nazir, efirdə boş-boş yalan danışmaqdansa, sən açıqlama ver xalqa, o əldə etdiyin villaları hansı pullarla tikmisən? Sən açıqlama ver, niyə aylardır ki, camaat sosial müavinət ala bilmir? Sən açıqlama ver, niyə babalarımızın nənələrimizin pensiyaları geçikdirilir? Sən açıqlama ver, niyə əlil vətəndaşlarımız, şəhid ailələrimiz aylardır ki, sənin qəbuluna düşə bilmir? Bunlardan danış, efirdə saxta inkişafdan danışmaq lazım deyil, onsuz da camaat bu nağıllara artıq inanmır!
Odur ki, işimizə mütləq davam etməliyik. Məmurlar artıq qorxuya düşüblər, efirdə sosial şəbəkələrin onlara zərbə vurduğunu deyirlər. Bəli düz deyirlər, çünki illərdir xalqdan oğurladığı pulları, aldıqları mülkləri, biznes şəbəkələrini gizlədirdilər. Özlərini mələk kimi aparırdılar. Bütün televiziyaları, bir çox qazetləri, saytları pul ilə susdurublar, elə biliblər kef edəcəklər. Amma unudublar ki, biz varıq. Çəkirik, araşdırırıq, sizin əsl simalarınızı xalqa göstəririk!".
Xatırladaq ki, bir neçə gün əvvəl Abzas.net və Mehman Hüseynovun birgə hazırladığı Hadi Rəcəblinin mülklərini və biznes şəbəkəsi haqqında material yaydıqdan sonra deputat İTV-nin efirinə çıxaraq, hesabat vermişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun