Lənkəranda pensiyaların verilməsində ciddi pozuntular olub

Lənkəranda pensiyaların verilməsində ciddi pozuntular olub
7 Dekabr 2016
Mətni dəyiş
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərcləri audit edib. Palata ciddi pozuntular aşkarladığını açıqlayıb. Audit 2015-ci ilin aprelindən 2016-cı ilin avqustuna qədər olan dövrü əhatə edib.
Palatanın yaydığı məlumata əsasən, audit müəyyən edib ki, şöbə məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə etməyib. Məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub. Debitor borcların aradan qaldırılması istiqamətində şöbənin fəaliyyəti qənaətbəxş olmayıb, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib.
Əmək pensiyalarının araşdırılması zamanı 1499 yeni pensiya təyinatının aparıldığı müəyyən edilib. Yeni təyin olunmuş pensiya işlərinin 884-ü yaşa, 470-i əlilliyə, 145-i ailə başçısının itirilməsi ilə bağlı olub.
Araşdırmanın nəticələrinə görə, düzgün hesablamalar aparılmadan pensiya təyinatları aparılıb. Bundan başqa, ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvləri düzgün nəzərə alınmayıb. Üstəlik, məbləğlərin düzgün bölüşdürülmədiyi, pensiyaların baza hissələrinin düzgün hesablanmadığı bildirilir.
Palata yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Müvafiq təqdimat Lənkəran şəhər şöbəsinə göndərilib.
Auditin nəticələri barədə Milli Məclis də məlumatlandırılıb.
Palata büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə müntəzəm bilgi verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bu açıqlamaya, hələlik, hər hansı münasibət bildirilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun