Zorakı gəlin - Nuriyyə Ağazadə

Zorakı gəlin - Nuriyyə Ağazadə
20 Noyabr 2016
Mətni dəyiş
Nuriyyə Ağazadə
"Türkiyə Böyük Millət Məclisində zorlanma hadisəsindən sonra qurban və cinayətkarın evlənməsi barədə qanun təklifinin təsdiqlənməsi mübahisələr yaradıb". 
Mövzuya munasibət bildirməyin bir insanlıq vəzifəsi olaraq, ağırlığı məni çiyinlərimdən o qədər aşağı çəkir ki, yer üzündə bir qadın olaraq mövcudluğumun peşmanlıq acısını çəkirəm desəm, yanılmaram.
İnsan övladının sahib olduğu bədənini tərk edib evrənə qədəm qoya bilmək məharətinin yaşadığı bir dünyada, əhalisi 80 milyona yaxın, millətlər arasında şanlı, ya şansız fərq etməz, danılmaz bir tarixi olan, geriyə-insan təkamülünün ibtidaisinə yol almağa başlamış, qismətimizə qonşu olmaq "lüks"u düşmüş bir ölkədə, çoxluğun qəbul etdiyi, qanı bir - canı bir, kökü bir - soyu bir hesab etdiyi qardaş Türkiyədə son zamanlarda ardı-ardına baş verən qəribəliklərin episentrində olan son olay nəinki onların öz cəmiyyətini, həm də bizim toplumu da narahat edir.
Qısa və mübaliğəsiz: Bu gün zorlanma hadisəsində zərərçəkənin cinayətkarla evlənməsi kimi absurd qənaətin dövlətin qanun masasında cinayətkarın xeyrinə həlli ilə nəticələnəcəyi qərarı gündəmdədir. Yəni, hər iki tərəfin izdivacına "Allah mübarək etsin" xeyir-duasının rəsmi elanı.
Rəzilliyin kulminasiyasına diqqət edin, özü də Böyük Millət Məclisi səviyyəsində. Türk milləti çox təəssuf ki, mövcud olduğu (bəzi mənbələr 2 min və ya 4 min illik) uzun minilliklər çərçivəsində yaşamadığı bir utanc dövrünü yaşayır desəm, əksər Türkiyə sevərləri qıcıqlandırdığımın fərqindəyəm. Lakin, bu qərara qarşı yüz minlərlə insanın içərisində yer alan fərdlərdən biri kimi, bu etirazın, bu qınağın mənim məhz bu qardaş ölkəyə olan sevgi və doğmalıqdan qaynaglandığına inanan sivil toplum nümayəndələrinin var olmasına da əminəm.
Onu əhatə edən əksər şərq ölkələri üçün Türkiyə hər zaman öz modernliyi, cazibədarlığıyla örnək olan iki ölkədən biri olub. Bəli, bəli, doğru eşitdiniz, təəssüf ki, indi bu gözəl diyar "olub" keçmiş zaman formasının imkanından asılı olacaq durumdadır.
Özləri demiş: Nerden, nereye? Bu durum mənə gözlərim önündə bir tas suya damcılamış qara mürəkkəbin sürətlə suyun şəffaflıq özəlliyinə virus kimi yayılmasını xatırladır. Qarşısına çıxan təmizliyi, aydınlığı, şəffaflığı, yararlılığı, saflığı amansızca qara rəngin ağuşunda həbs etməkdə qərarlıdır. Bu bir mənəviyyat, əxlaq, insanlıq məhfumunun çöküşüdür... Sivilizasiyanın tənəzülü qədər ürküdücüdür.
Bu - pisliyə "xoşgəldin" dəvəti, zərərçəkənə, haqqı tapdanmışa isə "sus" hökmüdür! Utanclıq etalonu olaraq müqayisə predmeti təklif olunsaydı, bu qərarın qəbul olunması aktı elə "utanc etalonu" kimi lüğətə düşmək şansı qazanardı. Əcaba, bu "utanc etalonu"nu sevə-sevə təsdiqləyənlərin övladları zorlanma təhlükəsindən nə dərəcədə sığortalanıblar? Bu iyrənc cinayətin onların ailə və övladlarıyla da başverə bilməməsi ehtimalı nə dərəcədə kiçikdir ki, ya da "sıfır"dır ki, bu ölkənin başbilənləri belə bir qərara "evet" deməyə mükəlləf olublar?
İnsan övladı bu qədərmi əxlaqi dəyərlərin üzərindən xətt çəkib ölkəsindəki qadın haqlarını xəstə psixologiyanın məngənəsinə, edama göndərməyə qərarlıdır? Əsirlərə "Ana , qadın, çocuq-başımızın tacı" deyib güvəndiyiniz morallar elə siz türklər demiş "palavra"ymış məgər?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun