Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır

Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır
15 Noyabr 2016
Mətni dəyiş
Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun məhkəməsi başlayır.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası noyabrın 22-si saat 14:00-a təyin edilib.
Cinayət işini "saxta" adlandıran vəkil jurnalistin hər hansı ictimai təhlükəli əməl törətməsinin sübut olunmadığını qeyd edib.
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.
Jurnalistin vəkili ittihamlarla razılaşmadıqlarını açıqlayıb. Əgər ittihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər.
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman "24 saat" qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun