Göyçaylılar yol polisi rəisinin istefasını tələb edirlər

Göyçaylılar yol polisi rəisinin istefasını tələb edirlər
16 Oktyabr 2016
Mətni dəyiş
Göyçay rayonunun bir qrup sakini şənbə günü rayon mərkəzində yerli yol polisi rəisi Vüqar Qasımovun istefası tələbilə aksiya keçirib.
Yerli sakinlər polis rəisini kobudluqda, pul tələb etməkdə və səlahiyyətini aşmaqda ittiham edirlər.
Sakinlərdən biri Mətin Məmmədov deyir ki, yeni rəis göyçaylılar ilə çox kobud davranır:
“Qarşısına çıxanı, yeri gəldi-gəlmədi cərimələtdirir, maşınını əlindən alır. Adamlarla söyüşlə danışır”.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə etirazçılarla görüşüb. O vəd edib ki, obyektiv araşdırma aparılacaq.
“Azadlıq” radiosu bildirib ki, rayon başçısının vədindən sonra toplaşanlar dağılışıb. Eyni zamanda onlar deyir: “Ya rəis dəyişsin, ya da hər gün yolu bağlayacağıq”.
Aksiya iştirakçıları polis tərəfindən saxlanılan sürücünün buraxılmasına təkid edirlər. Aksiya iştirakçısı Malik Əsgərov deyir ki, etiraza səbəb indiki yol polisi rəisinin Füzuli adlı keçmiş yol polisini incitməsidir:
“Füzulinin maşınını saxlayıb. Halbuki, heç bir qayda pozuntusu olmayıb. İşçilərinə deyib, “basın içəri”. Füzuli ondan səbəbini soruşub, əvəzində rəis bunu söyüb. Füzuli rəisi döyüb, aparıblar polisə. Camaat bunu eşidəndə, toplaşaraq Füzulinin buraxılmasını tələb etdi”.
Rayon İcra Hakimiyyətindən  bildirilib ki, aksiyada 30-a yaxın sakin iştirak edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun