Ekspert: "Hakimiyyət istəsə də, interneti nəzarət altına ala bilməz"

Ekspert: "Hakimiyyət istəsə də, interneti nəzarət altına ala bilməz"
7 Oktyabr 2016
Mətni dəyiş
“İnternet qulağını tənqidə qapadanlara çox böyük təhdid kimi görünür”
“Azərbaycan hakimiyyəti istəsə də, internet məkanını nəzarəti altına ala bilməz. Bu halda bütünlüklə interneti bağlamalıdır”. Media hüququ eksperti Ələsgər Məmmədli oktyabrın 6-da bir qrup deputat və Mətbuat Şurası üzvü internetdə söz azadlığı məsələsini gündəmə gətirərkən, belə deyib.
Deputat Elmira Axundova bu məsələyə münasibətini "İnformasiya ombudsmanı yaradılmalıdır. Bundan başqa, Mətbuat Şurasına da internet-media ilə bağlı ciddi səlahiyyətlər verilməlidir" şəklində açıqlayıb.
Buna da baxın: “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlər tapdanır, insan haqları pozulur”
Tədbir hakim Yeni Azərbaycan Partiyasından olan Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutub. O, sosial şəbəkələrdəki “təhqirlər”ə toxunaraq, internetə nəzarətdən danışıb və ayrıca monitorinq qrupu yaradılmasını təklif edib. Deputat xanım bütün bunları söylərkən, internetin bağlanmasını nəzərdə tutmadığını da diqqətə çatdırıb.
Məlahət İbrahimqızı ötən həftə parlamentdə də “Meydan TV” və “Sancaq”la bağlı tənqidlər səsləndirmiş, internetdə yayımlanan televiziyalar haqqında qanunun olmadığını vurğulamış və virtual məkanda dövlətə, dövlət başçısına ünvanlanan yazıları “adamın utandığından oxumaq istəmədiyini” söyləmişdi.
Belə çağırışların ilk dəfə səslənmədiyini yada salan hüquqşünas Ələsgər Məmmədli və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev müzakirələrin yenə fayda verməyəcəyini düşünürlər.
Buna da baxın: Parlamentdə “MeydanTV” və “Sancaq”ın bağlanmağı məsələsi qaldırılıb – video
“Azərbaycan Şimali Koreya və ya İrana doğru yönəlmək istəmirsə...”
“İnterneti ya bütövlüklə bağlamaq lazımdır, ya da internet üzərində məhdudiyyət tətbiq oluna bilməz. Doğrusu, bugünkü müzakirənin də nəticə verəcəyini real saymıram. Azərbaycan Şimali Koreya və ya İran kimi tam qapalı rejimlərə doğru yönəlmək istəmirsə, əlbəttə, bu addımı atmaz. Yox, bu addımı atacaqsa, o zaman ölkənin istiqaməti və mövqeyi adı çəkilən ölkələrlə eyniləşəcək. İnternetə heç kim tam nəzarət gətirə bilmədi. Ya bütünlüklə qadağan etməlisən ki, indiki halda real görünmür, ya da onun azadlığına müdaxilə etməməlisən”, - Ələsgər Məmmədlinin sözləridir.
“Məqsəd - özünüsenzuranı gücləndirməkdir”
Mehman Əliyevin qənaətincə, bu tədbirlərin məqsədi, sadəcə, cəmiyyətə təzyiq göstərmək, “özünüsenzuranı gücləndirmək”, sosial şəbəkələrdəki fəalları, media qurumlarını qorxutmaqdır:
“Amma bu, fayda verməyəcək. Əsas problem rejimin özündədir. Rejim xəstədir, böhran içində olan hakimiyyətin qərarları da impulsiv xarakter daşıyır. Konseptual addımlar görünmür. Problem də burdan qaynaqlanır. Bu tipli çağırışlar heç nəyi həll etmir, məqsəd - əhalini qorxutmaq, cəmiyyətin sosial mediada fəal olmasını əngəlləməkdir”.
Sosial şəbəkə və ya saytların, internet-medianın rəsmilərin tənqid hədəfinə çevrilməsi ilk dəfə deyil. Altı il öncə Azərbaycan prezidentin köməkçisi Əli Həsənov da interneti “sahibsiz pişik” adlandırmış, bu məkandakı “təhqirlərə görə cəzalar olacağını” söyləmişdi.
Buna da baxın: “Rəisin otağına girən kimi ciblərimi çölə çıxartdım, oturdum”
Son çıxışdan öncə və sonra da sosial şəbəkələrdə hakimiyyəti tənqid edən fəallar saxlanılıb, həbs edilib. Başqa ittihamlarla həbs olunsalar da, beynəlxalq qurumlar və ictimai fəallar bunu onların sosial şəbəkədə yaydıqları fikirlərlə bağlayıblar.
Son zamanlarda “Sancaq”ın rəhbəri Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videobloqlara görə bir neçə dəfə polisə çağrılıb, hakimiyyəti tənqid edən “Meydan TV”nin rəhbəri Emin Millinin qohumları təzyiq altında ondan imtina etdiklərini bildiriblər.
“Adi tənqid də böyük görünür”
Ələsgər Məmmədli deyir ki, ölkənin digər sektorlarında azadlıqlar daraldığından, internet ortamındakı azadlıq çox qabarıq üzə çıxır:
“Bu baxımdan da narahatlıq yaradır. Adi tənqid də daha böyük görünür”. Onun fikrincə, televiziyalar, radiolar, başqa KİV-lər “azad və plüralist bir mühitdə” fəaliyyət göstərsəydilər, o zaman internet də sırf “texniki infrastruktur” təsiri bağışlar və birbaşa “media azadlığı sferası” kimi görünməzdi: “Sosial şəbəkələr, onlayn media bu gün Azərbaycan vətəndaşına məlumat çatdırır. Buna görə də internet qulağını tənqidə bağlayanlara çox böyük təhdid kimi görünür”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun