Mirşahin Ağayev: "İlham Əliyevin siyasi kursu da elə bu təfəkkürə əsaslanıb"

Mirşahin Ağayev: "İlham Əliyevin siyasi kursu da elə bu təfəkkürə əsaslanıb"
3 Sentyabr 2016
Mətni dəyiş
Avqustun 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi iddia üzrə məhkəmə prosesi keçirilib. Abzas.net-in məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edib.
"25 illik tarixi özündə daşıyan ən zəngin kanalın mühakimə günüdür"
Mirşahin Ağayev bildirib ki, Azərbaycanda tarixi məhkəmə iclası keçirilir və bu eyni zamanda həm də tarixin məhkəməsidir, mühakimə olunan həm də tarixin 25 illidir:
"Sabah tarixə şahid–sübut lazım olsa, ANS-siz keçinmək, sadəcə, mümkün olmayacaq. ANS Azərbaycan xalqının şüuruna, təhtəlşüuruna Milli Qəhrəman Çihgiz Mustafayevin adı ilə köçüb.  Bu gün  Azərbaycanın xarici siyasətində ən kəsərli silah kimi istifadə olunan Xocalı soyqırımı məhz Çingizin xidməti sayəsində tutarlı dəlil-sübuta çevrilib. Bu gün həm də 25 illik tarixi özündə daşıyan ən zəngin kanalın mühakimə günüdür".
"İlham Əliyev yüksək qiymətləndirib, Heydər Əliyev nümunə göstərib"
Vitse-prezident kanalın apardığı vətənpərvərlik xəttini prezident İlham Əliyevin həmişə yüksək qiymətləndirdiyini, böyük Heydər Əliyevin isə onu Azərbaycanda vətənpərvərlik ideyalarının təbliğ olunmasında göstərdiyi xidmətə görə cəmiyyətə nümunə göstərdiyini qeyd edib.
"Bəlkə elə indi də burda hardasa elə Heydər Əliyevin ruhu dayanıb və 2003-cü ildə Klivlenddən axır nəfəsində axtardığı, öz sonuncu müsahibəsini etibar etdiyi ANS-ə qurulmuş məhkəməni həyəcan və heyrətlə izləyir", - deyə M.Ağayev vurğulayıb .
"Dövlət imtahanıdır"
Mirşahin Ağayev çıxışında deyib ki, ANS yarananda anadan olmuş və onun vətənpərvərlik kursunu keçmiş 25 yaşlı Azərbaycan vətəndaşı qarşısında Dövlət İmtahanıdır və bu imtahanı təkcə ANS vermir, həm də dövlət verir:
"Dövlət -  ona 25 il qulluq etmiş, peşəkar xəbər fəalyyəti göstərmiş, canından, yaxınlarının canından, bir sıra hallarda şəxsi xoşbəxtliklərindən keçmiş, dövlət, vətən, millət, Ali Baş Komandan uğrunda ən ağlagəlməz addımlara belə getmiş, bir sıra hallarda öz işgüzar nüfuzunu, reputasiyasını risk altına qoymuş, beynəlxalq qurumların rəyini nəzərə almadan baş verən prosesləri Azərbaycanın yerləşdiyi müharibə vəziyyəti ilə əlaqələndirməyi ictimaiyyətə tövsiyə etməklə məşğul olan, dünya miqyasında peşəkar informasiya brendinə çevrilmiş bir qurumla ANS-lə bağlı hansı addımı atacaq?"
"Biz material alan kimi maraqlanan qurumları dərhal xəbərdar etmişik"
ANS-in vitse-prezidenti MTRŞ-nin qərarını tamamilə qanunsuz hesab etdiklərini, qərarın etibarsız elan olunmasını məhkəmədən xahiş edib. Ağayev əlavə edib ki, MTRŞ sadəcə olaraq, əlinə düşmüş fürsətdən istifadə edib və bir güllə ilə 3 dovşan vurub, əsas olmadan radio və xəbər portalı da qapadılıb.
"MTRŞ bəyan edir ki, guya Türkiyə dövlətində baş verən hadisələrin işıqlandırıması  ilə bağlı bizə dəfələrlə xəbərdarlıq olunub. Daha bir rəsmi təkzib səsləndirirəm: bizə nə şifahi, nə də yazılı heç bir xəbərdarlıq daxil olmayıb. Əksinə biz özümüz materialı alan kimi maraqlanan dövlət qurumlarını dərhal xəbərdar etmişik", - deyə jurnalist bildirib.
"Yazılmış və yazılmamış qanunu pozmamışıq"
Televiziyanın rəhbəri çıxışında deyib ki, MTRŞ hadisələri təhrif edib, ANS Türkiyədə baş verən çevrilişə cəhd vaxtı hadisələri tam təffərrüatı ilə işıqlandırıb. Mirşahin Ağayev həmin ərəfədə Türkiyənin mövqeyini ifadə edən, Erdoğanı dəstəkləyən fikirləri səsləndirən kanal işçilərindən sitatlar gətirib.
"Bildiyiniz kimi biz 25 ildir ki işləyirik, uşaq deyilik və mövcud oyun qaydalarını da yaxşı bilirik və ona görə də heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq".
Vitse-prezident sonda bildirib ki, məhkəmənin ədalətli və ANS-in fəaliyyətini bərpa etməklə bağlı qərar çıxarmasını gözləyirlər: "Biz öz dövlətimizə bu gün də güvənirik, düşünürük ki, onun məhkəməsi ədalətə əsaslanacaq və Prezident  İlham Əliyevin siyasi kursu da elə bu təfəkkürə əsaslanıb".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun