Bu gün Rafiq Tağının doğum günüdür

Bu gün Rafiq Tağının doğum günüdür
5 Avqust 2016
Mətni dəyiş
İctimaiyyət nümayəndələri, jurnalistlər, Rafiq Tağının yaxınları bu gün saat 16:00-da onun məzarını ziyarət edib, yad edəcəklər. 
Bu gün Rafiq Tağının doğum günüdür. Mərhum yazıçının 66 yaşı tamam olur. Yazıçı yazıları ilə həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.
Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.
1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
rafiq tağı qəbir
Azad Yazarlar Ocağının sədri olan yazıçı 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə 3 il azadlıq məhrum edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinən R.Tağı 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa çıxıb.
Böyük əks-sədaya səbəb olan “Avropa və biz” essesindən sonra iranlı ayətulla Fazil Lənkərani onun haqqında ölüm fitvası vermişdi. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətulla Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını" yazmışdı.
Yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilən yazıçı 2011-ci ilin noyabrın 19-da axşam saatlarında naməlum şəxs tərəfindən bıçaqlanıb. Ölümündən əvvəl Rafiq Tağı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğunu bildirmişdi.
Yazıçı bıçaqlandıqdan 4 gün sonra vəfat edib. Ölümü ilə bağlı müəmmalar hələ də qalmaqdadır. Bəziləri yazıçının məhz "Tapdaqıstan. Laplandiya" məqaləsinə görə öldürüldüyünü düşünür. Məqalə belə başlayır: "Quruca adı var - "prezident". "Prezident", əslində, bir şah vəzifəsidir. Bu iki söz sinonimikdir. Gəl gör, o, şahların yerişini yeriyə, onların kiçik bir dırnağı ola bilərmi?"
B1B8A8FC-E00F-42BD-AA03-F3EFD35075AD_w610_r1_s
Bıçaqlandıqdan sonra xəstəxanada vəziyyəti normal olan yazıçı 23 noyabrda müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə qəflətən dünyasını dəyişib. Rafiq Tağının müəmmalı ölümünün üstü illərdir açılmır. Qətllə bağlı cinayət işi açılsa da, cinayətkar(lar) tapılmayıb.
Sonda isə Rafiq Tağının “abzas.net” saytına verdiyi müsahibədəki iki suala iki cavabı ilə yazını yekunlaşdıraq.
Sual: Ən sevdiyiniz söz hansıdır?
Cavab: – Öldürmə!
Sual: Nifrət etdiyiniz söz hansıdır?
Cavab:- Öldür!
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun