Vəkilin iddiası təmin olunmadı

Vəkilin iddiası təmin olunmadı
17 İyul 2016
Mətni dəyiş
Vəkillər Kollegiyasından uzaqlaşdırılan Əlayif Həsənovun bu quruma qarşı iddiası üzrə məhkəmə yekunlaşıb. 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin hakimi Elçin Məmmədovun qərarına əsasən, hüquqşünasın iddiası təmin olunmayıb. Bu barədə "Azadlıq" qəzeti məlumat verib.
Ə.Həsənov bildirib ki, qərardan apellyasiya şikayəti verəcək. Əgər yerli məhkəmələr bu işə obyektiv baxıb, ədalətli qərar çıxarmasalar, Avropa Məhkəməsinə müraciət edəcək.
Məhkəmənin qərarının tamamilə əsassız və qanunsuz olduğunu deyən Əlayif Həsənov hesab edir ki, bu qətnamə sifarişlə çıxarılıb: “Mənim Vəkillər Kollegiyasından uzaqlaşdırılmağım çoxdankı plan idi. Bu yolla siyasi məhbusları müdafiə edən, müstəqil vəkillərin gözünü qorxutmaq istəyirlər. Ona görə də mənə qarşı şər-böhtanla məhkəmə təşkil edib, bu yolla həmin planı gerçəkləşdirdilər”.
Xatırladaq ki, Əlayif Həsənovun məhkum edilməsinə dair hökm əsas gətirilərək, onun kollegiyadan uzaqlaşdırılması barədə qərar qəbul edilib. Həmin hökm Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın iddiası əsasında çıxarılıb. Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş N.Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını, bu qadın tərəfindən döyüldüyünü bildirmişdi. N.Hüseynova buna görə vəkili məhkəməyə verib və Əlayif Həsənov barəsində CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə hökm çıxarılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun