Prezidentin qardaşının adı korrupsiya qalmaqalında hallanır

Prezidentin qardaşının adı korrupsiya qalmaqalında hallanır
22 İyul 2016
Mətni dəyiş
Seçkilərə bir ildən az qalmış bir vaxtda prezidentin qardaşının da adının qarışdığı korrupsiya qalmaqalı üzə çıxıb.
İranda üzə çıxan yeni korrupsiya skandalı siyasi hakimiyyətə sıçrayıb. Baş verənlərlə bilrikdə hakimiyyət daxilində mübarizə yeni məcraya qədəm qoyub. Bu dəfə hadisələrin mərkəzində İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feridundur.
Prezidentin qardaşı dövlət rəsmisi olmasa da, onun fəaliyyətləri qardaşı və bütövlükdə hazırkı “islahatçı” hökumət üçün ciddi başağrısına çevrilə bilər. Məsələ burasındadır ki, prezident Həsən Ruhaninin qardaşı Hüseyn Feridun (Ruhaninin soyadı Feridundur, amma özü sonradan Ruhani soyadını götürüb – K.R) rəsmi vəzifə tutmadığı halda hökumətin işinə müdaxilə edir, hətta nazirlərin toplantısına qatılır, ayrı-ayrı nazirlərin işinə müdaxilə etdiyi bildirilir.
Bu isə hakimiyyət içərisində narazılığa səbəb olub və H.Ruhaninin rəqibləri H.Feridunun fəaliyyətini nəzarətə götürüb. Prezidentin qardaşının nüvə müzakirələrində iştirak etməsi diqqət cəlb edib. İlk vaxtlar bununla bağlı prezident Həsən Ruhaniyə müəyyən nüfuzlu şəxslər irad bildirməyə başlayıb. 
Daha sonra isə prezidentin qardaşının adı skandal təhqiqat işlərində hallanıb. Belə ki, son zamanlarda İranda aparılan bir araşdırmadan sonra böyük bankların rəhbərlərinin yüksək məbləğdə maaş və qeyri-qanuni vəsait mənimsəməsi faktları üzə çıxıb. Bu prosesin ən qalmaqallı tərəfi haqlarında mənimsəmə iddiaları ortaya çıxan bank rəhbərlərinin məhz H.Feriduna yaxın şəxslər olması olub. Bu vəziyyət prezidentin qardaşına qarşı iradları daha da gücləndirib. Məlum olub ki, bu şəxslərin vəzifəyə təyin olunması Hüseyn Feridunun dəstəyilə baş tutub. Barələrində ittiham olan bank rəhbərləri işdən qovulsa da, onlar haqqında yeni mənimsəmə və korrupsiya faktları üzə çıxıb.
O da bildirilir ki, istintaq araşdırmalarına görə, İranın böyük bankları tərəfindən müxtəlif şəxslərə (daha çox özlərinə yaxın) böyük məbləğdə kreditlər ayrılıb və bu kreditlər sonradan geri qaytarılmayıb. Həmin bank rəhbərlərinin maliyyə fırıldağı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat başlayıb. Maraqlıdır ki, əməliyyatı Ali Dini Liderin tabeçiliyində fəaliyyət göstərən İnqilab Keşikçiləri Korpusunun (SEPAH) müvafiq qurumları aparır. Hazırda həmin bank rəhbərləri həbs olunub. İranda gəzən söhbətlərə görə, bank rəhbərlərinə qarşı aparılan cinayət işində prezidentin qardaşının da adı hallanır. Bu isə o deməkdir ki, əgər araşdırmalar daha da dərinləşsə və Hüseyn Feridunun əlaqələri üzə çıxa, onun da həbsi gündəmə gələ bilər. Söhbət yalnız H.Feridundan da getmir, dövlət içərisində hökumətə yaxın böyük bir dəstənin həbs olunmasından gedir.
Bu arada İranın nüfuzlu xəbər agentliklərindən biri H.Feridunun fəlsəfə doktoru elmi adının saxta olması ilə bağlı məlumat yayıb. Xəbərdə qeyd olunur ki, İran Ali Təhsil Nazirliyinin tərkibində yerləşən Ali İmtahan Komissiyası tərəfindən yerli universitetlərdən birinə Hüseyn Feridunu doktoranturaya qəbul etmələri ilə bağlı məktub göndərilib. 
Universitet rəhbərliyi əvvəlcə buna müqavimət göstərsə də, sonradan geri çəkilməli olub və bu çəkişmələrin müvafiq yazışmaları isə agentliyin əlinə keçib. Hadisə İranda böyük rezonans doğurub, çünki ali təhsil sistemində bu cür saxtakarlıq, özü də prezidentin qardaşı üçün gözlənilməz olub.
İranda bu cür hadisələr, xüsusən də bank sektorunda yeyintilərlə bağlı böyük həbslər daha əvvəl də olub. Ancaq indi iş birbaşa prezidentin ailəsinə, doğma qardaşına gedib çıxır. Bu məsələdə daha ilginc bir məqam isə istintaqın Ali Dini Liderə bağlı olan SEPAH tərəfindən aparılmasıdır. Çünki SEPAH təbii ki, “mühafizəkar” qanada daha yaxındır. Ancaq bu əməliyyatın genişlənməsi İran hakimiyyəti daxilində təmizlənmənin ilk siqnalı hesab olunur. İran hakimiyyəti Yaxın Şərqdə baş verən silsilə hadisələrin fonunda daxili sabitliyi pozmağa çalışan qüvvələrin İranda da qarışıqlıq yaratmasından narahatdır. Bu məqsədlə də şübhəli fəaliyyətlərdə olan şəxslərin ifşa və həbs olunması prosesi başlayıb. Ehtimal etmək olar ki, yaxın zamanlarda ifşa olunan şəbəkə daha da genişlənəcək və xarici ölkələrə bağlanacaq.
Bu hadisələrin daha bir mühüm tərəfi seçkilər və siyasi mübarizədir. İranda seçkilərə 11 aydan da az bir müddət qalır. Seçki kampaniyası isə 6 aydan sonra başlayır. Hesab olunur ki, bu məsələnin dərinləşməsi Həsən Ruhaninin seçki kampaniyasına böyük təsir edə bilər. Bunu onun komandası da anlayır. Həsən Ruhani isə müqavimət göstərməyə çalışır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun