İl multikulturalizm, münasibət seksizm, rasizm

İl multikulturalizm, münasibət seksizm, rasizm
23 İyul 2016
Mətni dəyiş
Bəhruz Səmədov
Hökumətin rəsmi qəzeti olan “Azərbaycan” qəzeti seksizm və rasizmi açıq-aşkar təbliğ etməkdən utanmır. “Multikulturalizm ili” elan etdiklərinə rəğmən, hakimiyyətin seksist və rasist iç üzü ortaya çıxır.
Onsuzda müstəqil olmayan telekanllardan birində, keyfiyyətinin aşağı olmasında şübhəmiz olmayan “Space” telekanalında bir neçə gün idi ki, hava haqqında məlumatı qara dərili xanım Tendai Shereni aparırdı. Amma hakimiyyət buna tab gətirə bilmədi və "şanlı" partiya qəzəti olan “Azərbaycan” qəzetində “məqalə” adlandıra bilməyəcəyim düşük yazıda həm ümumilikdə qadın cinsi, həm də xanım Shereni dərisinin rənginə görə aşağıladı.
Bundan sonra, təbii ki, “Space” telekanalı xanımı işdən çıxarmağa məcbur oldu. Hakimiyyət, “Partiya” qorxusu onlar üçün hər şeydən üstündür. Sabah “Space” müdiri Vaqif Mustafayev xalqdan “Azərbaycan qadınının gözəlliyi görə bilmədiyi üçün” üzr istəsə, təəcüblənməyin.
Demokratiyanın olmadığı, repressiv hakimiyyətlərin istədiyini diktə etdiyi ölkələrdə hər zaman cinsi və irqi ayrıseçkilik olub. Bu bir aksiomadır.
Yazının müəllifi telekanalı “Azərbaycan qadınının gözəlliyinə biganəlikdə”, sırf qaradərili xanımın seçildiyi üçün isə telekanalı “zövqsüzlükdə” ittiham edib. Rasizm və qadınlara qarşı bu cür ayrıseçkilik münasibəti demokratik düşüncəli, müasir insanı iyrəndirməyə bilməz. “Məqalədə” olan bu cümləyə fikir verin:
“Qaradərili “afrikalı”ya (bizim onun dərisinin rənginə heç bir etirazımız yoxdur, demokratik düşüncəliyik) Azərbaycanda havanın necə olacağını və nə sayaq dəyişəcəyini deməyi (telekanal) etibar edib!”
Utanmadan özünü “demokratik düşüncəli” adlandıran müəllif eyni cümlədə fikirlərinin bir-birinə zidd olmasından çəkinmir. Hakimiyyətin əslində ultrakonservativ, “qeyrət-namus” düşüncələrindən siyasətlə maraqlanmayan və “dövlətlə dövlətçilik etməyən” cəmiyyət görmək istəyi var.
Hava haqqında məlumat isə cəmiyyətdə baxılan, insanları maraqlandıran bir qısa proqramdır və onlara görə gərək aparıcı fərqlənməsin, “tipik Azərbaycan qadını” obrazına uyğun olsun, çünki:
“Azərbaycan məkanındakı telekanalların ekranına baxmaqla Azərbaycan qadınının gözəlliyini duymaq, yaxud Azərbaycan kişisinin xarakterik cizgilərini asanlıqla sezmək olur”.
Rejim bəlkə də kölgədə qalacaq bu addımı ilə öz seksist mahiyyətini bir daha ortaya qoydu.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun