Rusiyalı milyarder Fərhad Əhmədovun 400 milyon avroluq yaxtası saxlanılıb

Rusiyalı milyarder Fərhad Əhmədovun 400 milyon avroluq yaxtası saxlanılıb
12 May 2022
Mətni dəyiş
Rusiyalı milyarder Fərhad Əhmədovun superyaxtası “Luna” Almaniyada saxlanılıb. Yaxtanın təmir üçün gəldiyi Hamburqdakı gəmiqayırma zavodunda saxlanıldığı bildirilir. Bu barədə məlumatı “Süddeutsche Zeitung” qəzeti yayıb. Məlumatda bildirilir ki, 115 metrlik “Luna” yaxtasının sahibi rusiyalı milyarder Fərhad Əhmədovdur. O, 2022-ci ilin martında Rusiya ordusunun Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqının sanksiyalarına məruz qalıb. Əhmədovun yaxtasının dəyəri 400 milyon avro qiymətləndirilir. Lunanın Fərhad Əhmədovdan öncəki sahibinin digər tanınmış rus oliqarxı Roman Abramoviç olduğu bildirilir. Qeyd edilir ki, o, Lunanı 2014-cü ildə satıb. Nəşr qeyd edir ki, bu, superyaxtanın ilk saxlanılması deyil. Bir neçə il əvvəl oliqarx üçüncü həyat yoldaşı Tatyana Soroka ilə boşanmaq qərarına gəlib. Onların boşanması 2000-ci ildə baş tutub, lakin ikili vətəndaşlığı olan Tatyana Britaniya qanunlarına əsasən, boşanmaq üçün ikinci dəfə də müraciət edib. Onların İngiltərədəki evlilikləri yalnız 2014-cü ilin sonunda rəsmi şəkildə pozulub. Bu müddət ərzində Fərhad “Northgas”ın səhmlərini baha qiymətə sata bilib. Tatyana Fərhad Əhmədovdan birgə yaşayış dövründə əldə etdiyi əmlakın yarısını tələb edib. Bundan sonra oliqarxın sənət kolleksiyası, əskinasları və “Luna” yaxtası həbs edilib. Nəticədə Tatyana istədiyini alandan sonra (yarım milyard dollar) oliqarx yaxtasını geri ala bilib. Hazırda isə Fərhad Əhmədov Rusiya milyarderi kimi Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları altındadır. Bu səbəbdən onun yaxtası Hamburqda qapalı vəziyyətdə saxlanılır. Yaxta Almaniyada “Lloyd Werft” tərəfindən Bremerhavendəki gəmiqayırma zavodunda hazırlanıb. Yaxta 9 kabin göyərtədə 18 qonaq qəbul edə bilər. Gəmidə əylənmək üçün hovuz, rəqs meydançası və hətta sualtı qayıq var. Fərhad Əhmədov Azərbaycanda anadan olub. O, ilk sərvətini London Birjasında samur alveri ilə qazanıb, daha sonra qaz ticarəti ilə məşğul olub. 2019-cu ildə onun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilib. Onun həmçinin Prezident İlham Əliyevin razılığı ilə Azərbaycanda da bir çox layihələrə sərmayə qoyduğu bildirilir. Fərhad Əhmədov həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da yaxşı münasibətdədir. Eyni zamanda, Boris Berezovski, Roman Abramoviç, Pyotr Aven və German Qreflə dostdur. Üç dəfə evlənib, 6 övladı var. Sonuncu boşanmadan sonra subaydır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun