Rusiya hərbçilərinin dinc sakinlərə atəş açmasının əks olunduğu video yayımlanıb

CNN telekanalı Rusiya hərbçilərinin Kiyev yaxınlığında dinc sakinləri arxadan güllələdiyini əks etdirən video yayımlayıb.

Telekanal martın 16-da Rusiya ordusunun Ukraynanın paytaxtını ələ keçirmək cəhdi zamanı Kiyevin kənarında talan edilmiş avtosalonun müşahidə kameralarından çəkilən videoyazını paylaşıb.

CNN jurnalistləri ölənlərin kimliyini də müəyyənləşdiriblər – bu, avtosalonun soyadı çəkilməyən sahibi və orada mühafizəçi işləyən 68 yaşlı Leonid Plyatsdır.

Müşahidə kameralarının görüntülərində beş rus əsgərinin avtomobil salonuna girməyə cəhd etdiyi, kilidlərə atəş açdığı və şüşələri sındırdığı görünür. İki kişi əllərini qaldıraraq onlara yaxınlaşır: salon sahibi və mühafizəçi. Hərbçilər onların üzərində axtarış edir, qısa dialoqdan sonra kişilər gedirlər.

Bu zaman iki əsgər qayıdır və onları arxadan güllələyir. Ayağından yaralanan Plyats mühafizə postuna yaxınlaşıb köməyə çağıra bilsə də, onlar gələnədək qan itkisindən ölüb.

Ukrayna Baş Prokurorluğu CNN-ə bildirib ki, qətllər hərbi cinayət kimi araşdırılır. Telekanal Rusiya Müdafiə Nazirliyindən bu barədə şərh istəyib. Lakin qurum jurnalistlərin suallarını cavablandırmayıb.

Əvvəlki məqaləRusiyalı milyarder Fərhad Əhmədovun 400 milyon avroluq yaxtası saxlanılıb
Növbəti məqalədəCeyhun Bayramov Düşənbədə Sergey Lavrovla görüşüb