Polis jurnalistə bıçaqla hücum edəni tapa bilmir, sabah Bakıda etiraz var

Polis jurnalistə bıçaqla hücum edəni tapa bilmir, sabah Bakıda etiraz var
13 May 2022
Mətni dəyiş

Mayın 8-i gecə saatlarında bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədovanın işində hələlik yenilik yoxdur. 

Artıq hadisənin üstündən 4 gün keçməsinə baxmayaraq, bu istiqamətdə saxlanılan şəxs yoxdur. Daxili İşlər Nazirliyi hadisənin səhərsi günü yaydığı məlumatda bildirmişdi ki, jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir, Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Bu istiqamətdə hələ də inkişafın olmaması ictimaiyyət nümayəndələrində müəyyən şübhələr yaradır. Bəzi ictimaiyyət nümayəndələri hesab edirlər ki, hökumət tənqidçiləri susdurmaq üçün bu cür hücumları özü təşkil edir və belə cinayətlərin açılmaması da bununla bağlıdır.

Elə buna etiraz etmək üçün mayın 14-ü saat 15:00-da paytaxtın Fəvvarələr Meydanından Daxili İşlər Nazirliyinə kimi yürüş təyin edilib. Təşkilatçılar bildirdiblər ki, onlar  bu hadisələrə susacaqları təqdirdə, bunun tendensiya halı alacağını düşünürlər. Bu, gələcəkdə siyasi qətllərə də gətirib çıxara bilər.

Onların ilkin ehtimallarına görə, yürüşdə çoxlu sayda insan iştirak edəcək. Çünki cəmiyyətin müxtəlif sahələrində olan fərqli dini, siyasi, sosial görüşə sahib olan şəxslərdən müsbət mesajlar alırlar.

Daxili İşlər Nazirliyi isə öz növbəsində açıqlama yayaraq bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiyanın qarşısı polislər tərəfindən alınacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun