Mask ‘Twitter’in satın alınma sövdələşməsinin “müvəqqəti dayandırıldığını” söyləyib

İlon Mask “Twitter”-dəki saxta və spam hesabların sayı ilə bağlı hesablamalara görə, sosial şəbəkənin satın alınma razılaşmasının “müvəqqəti olaraq dondurulduğunu” söyləyib.

Açıqlamadan sonra “Twitter”-in səhmləri ilkin satışlarda 20 faizdən çox azalıb, lakin sonra bir qədər yüksəlib.

Maskın sözlərinə görə, sövdələşmə “saxta və spam hesabların həqiqətən istifadəçilərin 5 faizdən azını təşkil etdiyinə dair təxminlərin təsdiqlənməsini gözləyir”. “Reuters”-in məlumatına görə, bu təxminlər “Twitter”-in 2022-ci ilin birinci rübü üzrə hesabatında yer alıb və bu hesabatda şirkətin reklamdan pul qazanan 229 milyon istifadəçisi olduğu bildirilir.

“Associated Press”-in məlumatına görə, saxta və spam hesabların sayı ilə bağlı vəziyyətin sövdələşməni poza biləcəyi bəlli deyil.

Mayın 12-də şirkət əsas işə qəbulu dayandırdığını və xərcləri azaltdığını, həmçinin iki yüksək səviyyəli menecerin işdən çıxarılmasını elan edib.

Aprel ayında Mask “Twitter”-i 44 milyard dollara və ya bir səhm üçün 54,20 dollara almaq niyyətində olduğunu açıqlamışdı. Mayın 12-nə qədər səhm qiyməti 45 dollara düşüb (CNBC-nin məlumatına görə, şirkətin bazar dəyəri indi Maskın təklifindən 9 milyard dollar aşağıdır).

Əvvəlki məqaləDİN Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları barədə məlumat yayıb
Növbəti məqalədəUkraynanın keçmiş prezidentləri ‘Azovstal’dan mülki əhali və hərbçilərin təxliyəsi üçün kömək çağırışı ediblər