Karpenter: "Rusiya minlərlə ukraynalını zorla "filtrasiya mərkəzlərinə" göndərir"

Karpenter: "Rusiya minlərlə ukraynalını zorla "filtrasiya mərkəzlərinə" göndərir"
13 May 2022
Mətni dəyiş
Vaşinqton cümə axşamı Moskvanı on minlərlə ukraynalını zorla Rusiyanın "filtrasiya mərkəzlərinə" göndərməkdə və daha çox sayda insanı Rusiyanın nəzarəti altında olan ərazilərə təxliyə etməkdə ittiham edib. ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter düşərgələrdə amansız dindirmə faktları haqqında danışıb. "Məhz indi amansızlıq və zorla köçürülmə haqqında məlumatlar daxil olur və bu əməllər hərbi cinayətlərə bərabərdir", deyə Karpenter bildirib. Ukrayna hökumətinin məlumatına görə, 1,2 milyona yaxın insan Rusiyaya və ya onun nəzarəti altında olan ərazilərə deportasiya olunub. Cümə axşamı BMT-nin İnsan Hüquqları Şurası Rusiya qoşunlarının Ukraynada törətdiyi ehtimal olunan hərbi cinayətlərinin araşdırılmasına razılıq verib. Şuranın 33 üzvü Kiyevin irəli sürdüyü İstintaq Komissiyasına Ukrayna paytaxtı ətrafında bir neçə rayonda təxmin olunan vəhşilikləri araşdırmaq tapşırığı verilməsi barədə qətnamənin "lehinə" səs verib. Dövlət katibi Entoni Blinken bu həftə sonu NATO ölkələrinin xarici işlər nazirlərinin Ukraynadakı müharibəyə həsr olunmuş görüşündə iştirak etmək üçün Almaniyaya yola düşəcək. ABŞ və müttəfiqləri həmçinin Finlandiya və İsveçin NATO-ya daxil olmasını sürətləndirməyə çalışırlar, bu, Rusiya üçün böyük diplomatik məğlubiyyət olardı. Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə bildirib ki, Vaşinqton bu ölkələrin istənilən seçiminə hörmət edəcək. O, Finlandiya və İsveçin artıq müdafiə sahəsində yaxın tərəfdaş olduqlarını qeyd edib.  Psaki əlavə edib ki, ABŞ NATO-nun açıq qapı siyasətini dəstəkləməyə davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun