Prezidentin “evləriniz əvvəlkindən də gözəl olacaq” sözü niyə yerinə yetirilmədi? – araşdırma

Tərtərdə müharibə zamanı dağılmış evlərin tikintisi kanalizasiya xətti çəkən şirkətə tapşırılıb

II Qarabağ müharibəsi dövründə Tərtərdə evləri dağılan sakinlərin bir ümidi vardı, müharibədən sonra yaşadıqları yer istədikləri kimi tikilib, təmir ediləcək.  Bu barədə danışan ölkə başçısı İlham Əliyev də sakinləri əmin edirdi ki, onların evləri əvvəlkindən də yaxşı olacaq: 

“Onlar üçün tikiləcək evlər mən söz verirəm ki, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik”.

Prezident İlham Əliyev: Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək

“Evimizin içində ot bitib”

Amma Tərtərdə danışdırdığımız sakinlər nəinki evlərindən gözəl ev tikildiyini, əksinə tikinti şirkətlərinin evlərini əvvəlki halına belə qaytarmadıqlarını deyirlər: 

“Gəlib evin dam örtüyünü dəyişiblər. Yalnız “azbest” şifer vurublar. Damın köhnə, çürük taxtalarına isə toxunmadılar. Köhnə örtüyü çıxarandan sonra taxtalar daha da keyfiyyətini itirdi. Qış düşüb, qırıq pəncərələri, qapıları  dəyişməyiblər. Tikinti şirkətinin adını, ünvanını da bilmirik. Bircə iş icraçısının adının Xəyyam olduğunu bilirəm. Ona müraciət edirəm, mənə ağzına gələni deyir. Bizə görülən işlərlə bağlı təhvil-təslim sənədi də vermirlər”- Şıxarx sakini Akif Əhmədov deyir. 

Şıxarx müharibə günlərində “mərmi yağışı”na tutulan kəndlərdən olub. Evlər dağılıb, hasarlar uçub. Əsasən Kəlbəcər köçkünlərinin məskunlaşdığı bu kənddə müəyyən təmir-tikinti, bərpa işləri görülsə də, sakinlər bu işlərin yarımçıqlığından gileylənir. Dediklərinə görə, dəymiş zərərlə bağlı tərtib olunan qiymətləndirmə aktları onlara təqdim edilmir. Ümumiyyətlə, təmir-tikinti şirkətlərinin adları, hansı ünvanlarda yerləşmələri, ayrılan vəsaitlər barədə məlumatlar vətəndaşlardan uzaq tutulur. 

Qaraqoyunlu kəndində yaşayan Tünzalə Cəfərova evinə baxış keçirilmədiyini deyir. Müharibə günlərində evin həyətyanı sahəsinə düşən mərminin dalğasından 6 nəfərdən ibarət ailənin yaşadığı evin divarlarında yarıqlar yaranıb, qapılar yararsız hala düşüb. Ailə çarəsizlikdən hər an uçmaq təhlükəsi olan evdə yaşamağa davam edir. 

Tünzalə Cəfərovanın rəsmi qurumlara etdiyi müraciətlər cavabsız qalıb. 

Sevda Tanrıverdiyeva 1993-cü ildən Şıxarxda məskunlaşıb. Həyat yoldaşı 1-ci qrup əlildir. Son müharibədə top mərmisi evi dağıdıb. Evin təmiri üçün Bakıyadək yol qət edib. Nəticə yalnız 1000 manat kompensasiya almaqdan ibarət olub:

“Heç nəyimiz yoxdur. Neçə aydır uşaqlar yerdə yatır. Televizor, soyuducu, yorğan-döşək, mebellər məhv oldu. Gələn də deyir ki, əşyalara baxmırıq. Artıq evimizin içində ot bitib. Karantin vaxtı Bakının küçələrinə düşüb dövlət qurumlarının qapılarını gəzdik. O qədər ərizə yazdırdılar, amma gəlib şikayətimizə baxan olmadı”. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə müharibə günlərində Tərtərdə ümumilikdə 6000-ə yaxın tikiliyə ziyan dəyib. Bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib. 

Dağıdılmış evlərin təmir, bərpa işini 8 şirkət görməli idi 

Ermənistan Silahlı Qüvvələrinin artilleriya hücumu nəticəsində zərər görmüş evlərin, qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri, bərpası işləri ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2021-ci ilin yavarında tender keçirib. Tenderi 8 şirkət qazanıb. Dövlət Satınalmalarının saytında yer alan məlumata görə şirkətlərlə ümumilikdə 22 milyon 249,677 min manat məbləğində müqavilələr imzalanıb. 

“Az Caspian Construction” MMC  və “Real-İnşaat” MMC ilə bağlanmış müqavilələrə görə şirkətlər Tərtər rayonunda dağıdılmış yaşayış və qeyri-yaşayış obyektlərinin tikinti və təmirini həyata keçirməlidirlər. Müqavilələrin dəyəri ayrı-ayrılıqda – 1 milyon 368,546 min manat və 5 milyon 454,248 min manatdır.

 

“Az Graft Construction” MMC ilə imzalanmış müqaviləyə görə, şirkət Gəncə, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini həyata keçirməyi öhdəliyinə götürüb. Müqavilənin dəyəri – 2 milyon 244,369 min manatdır.

“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu təmir və bərpaya ehtiyacı olan evlər və qeyri-yaşayış obyektləri üçün tikinti layihələrinin hazırlanması və nəzarətin aparılmasını nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 2 milyon 140,013 min manatdır. 

Tenderə vergi borcu olan şirkətlər buraxılıb 

Tender müsabiqəsinin keçirildiyi vaxt  “Az Graft Construction” MMC-nin 31 min, “Real-İnşaat” MMC-nin 8 min manat vergi borcu olsa da, onlara milyonlarla manat dəyəri olan layihələr verilib. 

“Dövlət Satınalmaları haqqında” qanuna görə vergi borcu olan şirkətlər tender müsabiqələrində iştirak edə bilməzlər. 

Kanalizasiya xətti çəkən şirkətə ev tikintisi tapşırılıb

“Az Graft Construction” öz rəsmi saytında qeyd edir ki, içməli su, kanalizasiya xətlərinin, su anbarlarının tikintisi üzrə ixtisaslaşıb. “Dövlət Satınalmaları haqqında” Qanununa görə müsabiqədə iştirak edən şirkətin bu sahədə peşəkarlığı, təcrübəsi olmalıdır. Tender vasitəsilə bu şirkətə evlərin tikintisi, təmiri həvalə olunub.

“Şikayət edəcəksən, get elə, hamıda elədir”

“Az Graft Construction” MMC-nin  Tərtər Hərbi Məhkəməsinin yaxınlığındakı tikinti malları satılan mağazanın həyətində kiçik bir ofisi var. Həmin ünvanda olarkən Şıxarxda məskunlaşmış köçkün Sərdar Budaqovla şirkət işçiləri arasında mübahisə düşmüşdü. Sərdar Budaqov onlardan mərmidən dağılmış evinə baxış keçirilməsini tələb edirdi. O, bildirirdi ki, şirkətin görməli olduğu təmir-bərpa işləri yarımçıq qalıb. Şirkət nümayəndələrindən biri – sahə rəisi Fikrət Əliyev isə vətəndaşı inandırmağa çalışırdı ki, yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən gələcəklər, nəsə veriləcək və yarımçıq qalan işlər davam edəcək: “Verəcəklər, edəcəyik, verməyəcəklər, etməyəcəyik. Şikayət edəcəksən, get elə, hamıda elədir”. 

Fikrət Əliyevdən evlərin təmir-bərpasıyla bağlı görülən işləri, sərf olunan maliyyəni maraqlansaq da, suallarımızı cavablandırmadı. Bildirdi ki, işlərin layihəsini “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu təqdim edib. Sifarişçi isə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. 

“Az Caspian Construction” və “Real-İnşaat” MMC-lər də “Az Graft Construction” MMC kimi yarı gizli fəaliyət göstərirlər. “Nicat” körpüsü deyilən ərazinin yaxınlığındakı tikilini ofisə çevirən bu şirkətlərdə səlahiyyətli şəxs tapmaq müşkül məsələdir. Divarda təbaşirlə “Az Caspian” sözləri yazılmasa, kimsə ərazini işarə verməsə, burada şirkət ofisi yerləşməsindən xəbər tuta bilməzsən. “Az Graft Construction”a aid əlimizə çatan sənədlərdə bir fərdi yaşayış evinin təmiri-bərpasına 5 min manatdan 17 min manatadək pul vəsaiti xərcləndiyi qeyd olunub. 

“Üzləşmə aktı”na əsasən ümumilikdə 54 yaşayış və qeyri-yaşayış sahəsinin təmirinə görə 3 milyon 387 min 525 manat 33 qəpik vəsait ayrılıb. 

Şirkət nümayəndəsi: “Mən hesabat verən deyiləm”

“Az Graft Construction”un  görülən işlər və xərclənən vəsaitlər barədə məlumat vermir. Şirkətin özünü təqdim etməyən nümayəndəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməyi məsləhət görür: 

“Mən podratçı şirkətəm, o sualları həmin qurum cavablandırmalıdır. Hesabatı özləri verirlər, mən hesabat verən deyiləm”. 

“Real-İnşaat” MMC-nin isə yerli-dibli nə ofisi var, nə də rəsmi saytı… Şirkətlə bağlı internet üzərindən axtarışlar da nəticə vermədi. İki müqaviləylə tikinti işlərinə görə ümumilikdə 7 milyon manatdan çox pul ayrılmış şirkətə suallarımızı ünvanlamaq üçün əl-əl axtarsaq da, tapa bilmədik. 

İqtisadçı-ekspert Qubad İbadoğlu  bildirir ki, vətəndaşlardan qanunla açıqlanmalı olan informasiyalar gizlədilirsə, ortada korrupsiyanın olması ehtimalları böyükdür: 

“Əgər şəffaflıq, hesabatlılıq yoxdursa, eyni zamanda Dövlət Satınalmaları Haqqında Qanun pozulursa və bununla bağlı müvafiq qaydalara, prosedurlara əməl olunmursa, onda həm vətəndaşlarda, həm mütəxəssislərdə, həm də jurnalistlərdə müəyyən şübhələr yarana bilər ki, burada korrupsiya əməlləri olub. Çünki nədən doğru, düzgün olan şeyləri gizlətməlisən?! Nədən qanunun tələblərinə uyğun olaraq prosedurlara əməl etməməlisən? Demək ki, ortada nəsə var, nəsə gizlətməli bir şey var”. 

Qanunla tenderə buraxılmamalı olan şirkətlərin tenderdə iştirakının necə təmin olunduğunu öyrənmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərsək də, suallarımız cavabsız qaldı. 

Müharibənin üstündən 1 il 4 ay keçsə də, bu yerlərdən top-tüfəng səsləri kəsilsə də, bərpa üçün milyonlarla manat vəsait ayrılsa da, Tərtərin küçələrində hələ də müharibənin izləri qalır. 

Araşdırma: AbzasMedia

Əvvəlki məqaləBir qrup rosqvardiyaçı müharibəyə getməkdən imtina etdiyinə görə işdən çıxarılıb
Növbəti məqalədəEl-Salvadorda cinayətkar qruplara üzv olmaqda ittiham olunan minlərlə şəxs saxlanıb