Bir qrup rosqvardiyaçı müharibəyə getməkdən imtina etdiyinə görə işdən çıxarılıb

Bir qrup rosqvardiyaçı müharibəyə getməkdən imtina etdiyinə görə işdən çıxarılıb
1 Aprel 2022
Mətni dəyiş
Rosqvardiya-nın 12 üzvü Ukrayna müharibəsinə getməkdən imtina etdiyinə görə işdən çıxarılıb. “The Financial Time” bunun Ukraynanın işğalının Rusiya təhlükəsizlik qüvvələrində səbəb olduğu narazılığı göstərdiyini yazır. Rusiyalı vəkil Mixail Benyaş müharibəyə getməkdən imtina edən milli qvardiyaçıları müdafiə edəcəyini açıqlayandan sonra ona ölkənin hər yerindən zənglər gəlməyə başlayıb. “Bir çox adam gedib vuruşmaq istəmir”, – Krasnodar şəhərindən telefonla açıqlama verən Benyaş onun komandasına minədək belə şəxsin müraciət etdiyini söyləyib. Rosqvardiya 2016-cı ildə ictimai asayişi qorumaq və cinayətkarlıqla mübarizə məqsədilə yaradılıb, ordudan ayrı hərbi qüvvədir. Aqora insan haqları qrupunun başçısı Pavel Çikov qvardiyaçıların müharibədən öncə ilhaq olunmuş Krıma hərbi təlimlərə aparıldığını deyir. Fevralın 24-də Ukraynanın işğalı başlayandan bir gün sonra onlara Ukraynaya girmək əmr olunub, amma imtina ediblər. Qvardiyaçılar bunun qanunsuz olduğunu, əsgər deyil, daxili qüvvə üzvü olduqlarını deyiblər. Çikovun sözlərinə görə, bu şəxslərə Ukrayna ərazisinə xüsusi hərbi əməliyyatda iştirak üçün göndərilmələri barədə məlumat verilməyib. Bu arada Qərbin hərbi rəsmiləri də Rusiya qüvvələri arasında ruh düşkünlüyü, sabotaj iddiaları səsləndirirlər. Rosqvardiya Prezident Vladimir Putinin “özəl ordusu” hesab olunur, əsas işi etirazlara nəzarətdir. Bəzi qərb təhlilçilərinin fikrincə, qvardiyaçılar Ukraynaya döyüşə deyil, Rusiyanın ələ keçirməyi planlaşdırdığı şəhərlərdə etirazlar yatırmaq üçün göndərilə bilərdilər. Ancaq Rusiya Ukraynada sərt müqavimətlə üzləşib, bir çox şəhərlərdə döyüşlər gedir. Digər tərəfdən, Putin bu həftə Kiyev ətrafında döyüşlərdə yaralanmış bir sıra Rosqvardiya üzvünə fəxri adlar verib. Benyaş isə Rosqvardiya üzvlərinin döyüşə hazırlanmadığını söyləyir. Artıq qvardiyaçılardan öldürülənlər də var. Vladimir şəhərində SOBR xüsusi çevik reaksiya bölümünün bəzi komandirləri dəfn olunub. Rusiyadan kənarda yaşayan fəal İlya Kosygin SOBR-un 1993-cü ildə yaradıldığını, 29 il ərzində itki vermədiyini deyib. Martın 18-də isə az qala bütün rəhbərliyi dəfn edilib. Amma “Financial Times” bu iddianı müstəqil təsdiqlədə bilməyib. Vəkil Benyaş 12 qvardiyaçıdan 9-nun işdən çıxarılmadan şikayətini geri götürdüyünü deyir. Onlar əks halda cinayət işilə təhdid olunublar, bəzilərinin qohumları onlardan üz çevirib, vəkil belə söyləyir. Putin Ukraynaya qarşı irimiqyaslı hücuma başlayandan sonra Qərbin sərt sanksiyaları ilə üzləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun