'Alman kəşfiyyatı Buça qətlləri müzakirə olunan danışıqları ələ keçirib'

'Alman kəşfiyyatı Buça qətlləri müzakirə olunan danışıqları ələ keçirib'
7 Aprel 2022
Mətni dəyiş

Alman federal kəşfiyyatı Ukraynanın Kiyev yaxınlığındakı Buça şəhərində dinc sakinlərin öldürülməsini müzakirə edən rus hərbçilərinin radio rabitəsini ələ keçirib. Bu barədə “Der Spiegel” yazır.

Nəşrin məlumatına görə, kəşfiyyat bu barədə aprelin 6-da parlamentə məlumat verib. Hesabatın materialları arasında ələ keçirilən rabitənin bir neçə səs yazısı təqdim edilib. Belə ki, dialoqların birində hərbçilər velosipedçinin qətlini müzakirə edib, başqa bir radio danışıqda isə ​​bir kişi deyir ki, əsgər əvvəlcə dindirilməli, sonra güllələnməlidir.

Dinlənilən söhbətlər onu da deməyə əsas verir ki, qətllər Rusiyanın işğal etdiyi digər ərazilərdə, o cümlədən bir neçə həftədir mühasirədə olan Mariupol yaxınlığında baş verə bilərdi.

Alman kəşfiyyatı belə nəticəyə gəlib ki, mülki əhalinin öldürülməsi təsadüfi hadisə və ya bəzi hərbçilərin kütləvi təşəbbüsü deyil. Xüsusi xidmətin fikrincə, onlar "mülki əhalini qorxutmaq və müqaviməti yatırmaq" üçün "aydın strategiya"nın bir hissəsi ola bilər və Rusiyanın "Vaqner" Özəl Hərbi Təşkilatının muzdluları bunda iştirak edə bilər.

Rusiya qoşunları Kiyev vilayətində zəbt etdikləri yaşayış məntəqələrini tərk etdikdən sonra media və sosial şəbəkələrdə Buça və regionun digər şəhərlərinin küçələrində ölənlərin cəsədlərinin foto və videoları yayılıb. Onlar mülki geyimdə, bəzilərinin əlləri arxadan bağlı olub. Ukrayna hakimiyyəti onların rus əsgərləri tərəfindən öldürülən mülki vətəndaşlar olduğunu bildirib.

Rusiya rəsmiləri deyirlər ki, Kiyev yaxınlığında dinc əhalinin öldürülməsi ilə bağlı xəbərlər sülh danışıqlarını pozmağa və Rusiyaya qarşı sanksiyalara haqq qazandırmağa yönəlmiş "səhnə" və "təxribatdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun