Harri Kasparovun Turana müsahibəsi: "20 yanvarda Bakıya qoşun yeridilməsini pislədim…”

Harri Kasparovun Turana müsahibəsi: "20 yanvarda Bakıya qoşun yeridilməsini pislədim…”
11 Mart 2022
Mətni dəyiş

Şahmat üzrə eks-dünya çempionu, Bakıda anadan olan erməni əsilli şahmatçı Harri Kasparov 2011-ci ildə “Turan” İnformasiya Agentliyinə müsahibə verib. Abzas Media həmin müsahibəni qısa ixtisarla oxuculara təqdim edir.

- Azərbaycan cəmiyyətində belə fikir var ki, Harri Kasparov Azərbaycanın nə düşmənidir, nə də dostu. Bununla bağlı nə deyərdiniz?

- Bütün bunlar birmənalı deyil. Sadəcə, yadda saxlamaq lazımdır ki, mən insanam, Bakıda anadan olmuşam, 1990-cı ilin yanvarını yaşamışam və mənim çoxlu qohumlarım var ki, onlar da bunu yaşayıblar və hazırda müxtəlif yerdədirlər. Bütün bunlar öz izlərini buraxmaya bilməzdi. Ancaq mən unutmuram ki, öz həyatımın mühüm hissəsini Bakıda keçirmişəm.

Qarabağ münaqişəsinə gəlincə, demək istəyirəm ki, mən zorakılığın əleyhinəyəm, həmişə də əleyhinə olmuşam. Mən elə əvvəldən bu hərəkatın (Qarabağ) əleyhinə olmuşam. Mən inteqrasiya, məsələlərin dinc yolla, qarşılıqlı maraqlar naminə həllinin tərəfdarıyam. Ona görə də bu problemin hərbi yolla həllinin əleyhinəyəm və əgər müharibə başlayarsa, mən buna qarşı olacam. Kifayət qədər qan tökülüb. Ancaq demək istəmirəm ki, mənim həll variantım və ya bununla bağlı reseptim var. Sadəcə, bu cür ciddi münaqişələrin həlli tez və asan olmur. Yəqin ki, müəyyən vaxt keçməlidir və yeni nəsil yetişməlidir. Hər iki tərəfin adamları razılaşmalıdır ki, 1988-1994-cü illərin hadisələri tarixdə qaldı.

- Düşünürsünüz ki, Azərbaycan bununla barışmalı və işğal olunmuş ərazilərlə yaşamaqda davam etməlidir, ya da Qarabağı tanımalıdır?

- Yox, düşünürəm ki, indiki vəziyyətdə qarşılıqlı məqbul həllin tapılması çətinləşib və vəziyyət dəyişməlidir, dünyada və regionda nəsə baş verməlidir ki, məsələnin həlli mümkün olsun. Xatırlatmaq istəyirəm ki, mən Qarabağ hərəkatından və münaqişənin özündən danışmışam. Hər şeyin başladığı zamanda, 80-cı illərin sonlarında mənim bu mövzuda çıxışlarıma baxın. 1990-cı ilin yanvarından sonra məlum hadisələrlə əlaqədar getməyə məcbur oldum. Bakıya qoşun yeridildi. Mən qoşun yeridilməsinə haqq qazandırmadım, onu pislədim.

Güman edirəm ki, münaqişə ona görə belə çox yubandı ki, mərkəzi hakimiyyət hər zaman bu hadisələrdən öz məqsədi üçün istifadə edib. Unutmayaq ki, imperiya dağılıb və mərkəz bütün bunlardan, həmçinin Abxaziya və Osetiya, Dnestryanı münaqişələrdən istifadə edib ki, SSRİ-nin dağılmasıma yol verməsin.

- 20 il keçib, amma tərəflərin mövqeləri dəyişməyib. Niyə elə düşünürsünüz ki, gələcəkdə ermənilər Qarabağdan könüllü imtina edə bilər və ya Azərbaycan onu verməyə razı olacaq?

- Mən əvvələ qayıdaraq demək istəyirəm ki, dünya dəyişir və dünən açılması mümkün olmayan geosiyasi düyünlər bu gün gerçək olur. Bu istiqamətdə axtarmaq və işləmək lazımdır, çıxış yolunu məhz orada axtarmaq lazımdır.

Mən ona görə müharibənin əleyhinəyəm ki, digərlərindən fərqli olaraq müharibənin öz məntiqi var. İndiki halda lokal və məhdud müharibənin olacağına inanmıram.

Elə olmayacaq ki, ərazilər azad edilsin və ermənilərə muxtariyyət verilsin. Müharibə sıfır variantına kimi aparılacaq və orada heç bir muxtariyyət olmayacaq. Elə şeylər var ki, onların hərbi hərəkətlərlə öhdəsindən gəlmək mümkün deyil, tökülən qan yalnız problemin həllindən uzaqlaşdırır.

Yeri gəlmişkən, bu münaqişədən indi də Azərbaycan və Ermənistan hakimiyyətləri öz mövqelərini möhkəmləndirmək və zənginləşmək üçün istifadə edirlər. Odur ki, demokratik Azərbaycan bu problemin həllinə daha yaxın olacaq, nəinki indi.

İndiki status-kvo Bakını və Yerevanı qane edir, belə ki, müharibə təhdidlərindən həmin məqsədlərlə istifadə olunur. Yerevanda da hakimiyyətdə elə adamlardır ki, onlar müharibənin sayəsində yuxarıda oturublar və onlar da bu hakimiyyəti saxlamaq istəyirlər. Ona görə də nizamlanma o zaman real olacaq ki, bu elita siyasi səhnədən gedəcək və demokratik baxışlı adamlar gələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun