Facebook və Instagram Rusiya ordusuna qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı ləğv edib

Facebook və Instagram Rusiya ordusuna qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı ləğv edib
11 Mart 2022
Mətni dəyiş
˝Meta˝şirkəti müəyyən ölkələrdəki Facebook və Instagram istifadəçilərinə Rusiya ordusuna qarşı təhdidlər və zorakılıq çağırışları etməyə imkan verəcək. Reuters bu barədə şirkətin məzmun moderatorlarına göndərdiyi daxili məktublara istinadən xəbər verir. Rusiyanın Ukraynaya müdaxiləsi fonunda qayda dəyişikliyi ilə bağlı məlumatı ˝Meta˝-nın nümayəndəsi Endi Stoun təsdiqləyib. “Rusiyanın Ukraynaya təcavüzü nəticəsində biz normalda qaydalarımızın pozulması hesab edilə biləcək siyasi ifadə formalarına düzəlişlər edirik. “Rus işğalçılarına ölüm” kimi zorakılıq çağırışları da bura daxildir. Biz əvvəl də olduğu kimi rusiyalı sıravi vətəndaşlara qarşı zorakılıq çağırışlarına icazə vermirik”, - o, açıqlamasında bildirib. Bundan əlavə, ˝Meta˝ Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkoya ölüm arzularını silməyəcək. Rusiyanın ABŞ-dakı səfirliyi “Facebook” və “Instagram”ın məzmun moderasiyası siyasətindəki dəyişikliklərdən qəzəblənib. “Meta˝-nın ruslara qarşı nifrət və düşmənliyin qızışdırılmasına səbəb olan aqressiv və cinayətkar siyasəti hədsizlikdir. Şirkətin fəaliyyəti ölkəmizə qarşı elan edilmiş qaydasız informasiya müharibəsinin daha bir sübutudur. Media korporasiyaları Qərbin hakim dairələrinin təbliğat maşınının əsgərinə çevrilib”, – diplomatik missiya ˝Facebook˝-da bildirib. Diplomatlar ABŞ hakimiyyət orqanlarından “Meta˝-nın ekstremist fəaliyyətini dayandırmağı” və günahkarların məsuliyyətə cəlb edilməsini tələb ediblər. “Facebook və Instagram istifadəçiləri bu internet platformalarının rəhbərlərinə həqiqət meyarlarını müəyyənləşdirmək və bir xalqı digərinə qarşı qoymaq hüququ verməyib”, – səfirlik bildirib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Federasiyası vətəndaşlarına qarşı nifrəti qızışdırdığına görə ˝Meta˝-ya qarşı prokurorluq tədbirləri görməyə çağırıb. Roskomnadzor artıq Rusiya Silahlı Qüvvələrinə qarşı zorakılıq çağırışlarına icazə ilə bağlı məlumatı təsdiq və ya təkzib etmək üçün sorğu göndərib, deputat Aleksandr Xinşteyn bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun