Eldar Mahmudovun əmisi oğlunun 1 milyon manatdan çox pulu müsadirə olunub

Eldar Mahmudovun əmisi oğlunun 1 milyon manatdan çox pulu müsadirə olunub
28 Mart 2022
Mətni dəyiş
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, nazir olduğu dövrdə onun köməkçisi, eyni zamanda da nazirliyin Antiterror Mərkəzinin şöbə rəisinin müavini olmuş Vüqar Mahmudovun bu günlərdə 1 milyon manatdan çox pulu müsadirə olunub. Bakı Apelyasiya Məhkəməsində martın əvvəlində hakim Elmar Rəhimovun sədrliyilə bu barədə qərar çıxarılıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, söhbət Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın bank hesabında olan 603 min 400 dollar və 8 min 400 manat vəsaitdən gedir. Keçmiş MTN polkovniki 2017-ci ilin noyabrında həbs olunanda onun özünün və yaxınlarının adına olan bir çox əmlakın üzərinə məhkəmənin qərarıyla həbs qoyulmuşdu. Başqa əmlaklarla yanaşı, Nuranə Mahmudovanın bank hesabındakı vəsaitlərin üzərində də həbs vardı. Məhkəmədə prokuror çıxışında bu pulun da müsadirə olunmasını təklif etmişdi. Lakin Bakı Hərbi Məhkəməsində Vüqar Mahmudov haqqında hökm çıxarılarkən Nuranə Mahmudovanın adına olan və üzərinə həbs qoyulmuş vəsaitlərə toxunulmamışdı. Sözügedən hökm 2019-cu ilin noyabrında çıxarılıb. Hökmə əsasən, Vüqar Mahmudov Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2 (bir qrup şəxs tərəfindən külli miqdarda mənimsəmə), 313 (vəzifə saxtakarlığı), 341.2.1 və 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya səlahiyyətləri aşma bir qrup şəxs tərəfindən törədildikdə, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq edən hakimlər sabiq nazirin əmisi oğlu və köməkçisinə cəmi 2 il 25 gün həbs cəzası təyin edib. Həbsdə saxlandığı müddət (3 noyabr 2017-28 noyabr 2019) tamam olduğuna görə də məhkəmə zalından azadlığa buraxılıb. Vüqar Mahmudov azadlığa buraxılmasına baxmayaraq, bu hökmdən narazı qalıb apelyasiya şikayəti vermişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdı. Daha sonra onun vəkili Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə isə Mahmudovların müsadirə olunmuş əmlaklarının bir hissəsinin qaytarılmasına qərar vermişdi. 2022-ci ilin əvvəlində prokurorluq Vüqar Mahmudovun işindən yenidən apelyasiya protesti verib. Protestdə üzərinə həbs qoyulmuş, Nuranə Mahmudovanın hesabındakı vəsaitin dövlət nəfinə alınması istənilib. Məhkəmədə Vüqar Mahmudovun vəkili prokurorluğun protestinə etiraz edib. Sözügedən vəsaitin cinayət yoluyla əldə olunmadığını əsas gətirərək, onun müsadirəsilə bağlı tələbin əsassız olduğunu bildirib. Lakin Bakı Apelyasiya Məhkəməsi prokurorluğun protestini təmin edib. Vüqar Mahmudov əməliyyat-axtarış fəaliyyətində istifadə üçün nəzərdə tutulmuş büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun