Azərbaycanın rus icması əhalini Rusiyanın Ukraynaya təcavüzünü anlayışla qarşılamağa çağırıb

Azərbaycanın rus icması əhalini Rusiyanın Ukraynaya təcavüzünü anlayışla qarşılamağa çağırıb
28 Mart 2022
Mətni dəyiş

Martın 25-də Azərbaycan rus icmasının (ARİ) meta- səhifəsində Rusiyanın Ukraynadakı hərbi əməliyyatının tam dəstəklənməsilə bağlı ARİ-nin bəyanatı dərc edilib.

Müraciət Kremlin antiukrayna təbliğatı ruhunda yazılıb: "Birləşmiş Ştatlar və onun müttəfiqləri bir zamanlar qardaş xalqlar olmuş  Rusiya və Ukrayna arasında düşmənçilik və nifrəti qızışdırmaq üçün hər şeyi edirlər. Bir ölkə başdan-ayağa xarici silahlarla silahlandırılırsa, yeniyetmələrə Rusiyanın ünvanına hədə-qorxu dolu faşist və millətçi əhval-ruhiyyə aşılanırsa, həbs yerlərindən cinayətkarlar azad edilib guya Ukraynanın suverenliyini qorumaq üçün silahla təchiz edilirsə bu ölkənin nəyə hazırlaşdığını söyləmək çətin deyil..."

Müraciətdə bir aydan çoxdur ki, Ukraynanın şəhərlərini dağıdan, sakinlərini kütləvi şəkildə öldürən   Putin Rusiyasını qınama yoxdur. Ukraynada öldürülən uşaqların sayı 130-u ötüb. ARİ bu barədə məlumat vermir.

Müraciətin sonunda Azərbaycan vətəndaşları "Rusiyanı anlamağa" çağırılır.

Sənəd kollektiv müəllif tərəfindən imzalanıb: Azərbaycan rus icmasının Respublika Şurası. Fərdi imza yoxdur, müraciət ARİ-nin möhürü ilə təsdiqlənib.

1993-cü ildən ARİ-nin dəyişməz sədri Mixail Zabelindir. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, 1995, 2000, 2005 və 2010-cu illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin I, II, III və IV çağırışlarının deputatı seçilib. Mixail Zabelin hakim Yeni Azərbaycan Partiyasının dəyişməz yaradıcılarından biridir. Partiya qurultayında YAP İdarə Heyətinin üzvü seçilib. Sədrin bu reqaliyaları belə güman etməyə əsas verir ki, Azərbaycan rus icması da ölkə rəhbərliyinin siyasi kursunu dəstəkləyir. Lakin ARİ- nin bəyanatının mətnindən göründüyü kimi, təşkilat Kremlin siyasi kursunu seçib.

Meta-da mətnlə bağlı müzakirələrdə Azərbaycandakı rusların əksəriyyəti müraciət müəlliflərini qınayırlar. Bu sənədi müzakirə edənlərdən biri yazır:

- Siz başa düşmürsünüz ki, “DXR” və “LXR” Ukraynanın Arsaxıdır? Başa düşmürsünüz ki, bu məktub ruslarla azərbaycanlılar arasında nifaq salmaq üçün təxribatdır?! Başa düşmürsünüz ki,  пutiн rusları “xilas etmək” üçün gəlib burada da eyni qırğını  törədəcək?! Siz başa düşmürsünüz ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünə tərəfdar olub, siz ona nankorluq etmisiniz??? Başa düşmürsünüz ki, Ukraynaya onlarla təyyarə humanitar yardım və pulsuz enerji daşıyıcıları göndərən Azərbaycan prezidentinə qarşı çıxırsınız?! Altında imzası belə olmayan bu qorxaq, əsassız məktubu yaymağa utanmırsınız?! Sizi burada kimsə sıxışdırır, əzir? Xeyr, sizin naftalinli filiallarınıza tam işləmək imkanı verilir. Bəs siz???? Ümumiyyətlə, bütün rusların adından belə bir şey yaymağa nə haqqınız var?”, - milliyyətcə rus olan Azərbaycan sakini yazır.

Azərbaycan rəhbərliyi iki rəsmi bəyanatda Ukraynada hadisələrin siyasi qiymətləndirilməsilə bağlı ölkənin mövqeyini bildirib. Azərbaycan Respublikası neytrallıq siyasəti yürüdərək münaqişənin dinc yolla, Ukraynanın ərazi bütövlüyü nəzərə alınmaqla həllinə tərəfdardır. Azərbaycan cəmiyyətində əksəriyyət ukraynalıların tərəfində çıxış edir, Ukrayna üçün humanitar yardım toplayır. Ukrayna vətəndaşları olan azərbaycanlıların çoxu bu ölkə ordusunun sıralarında savaşır. Lakin ARİ-nin bəyanatının mətnində göstərilir ki, Azərbaycan cəmiyyəti Ukraynada baş verən hadisələri başa düşmür.. Bizə "Rusiyanı anlamaq" təklif olunur.

Müzakirə olunan müraciət ARİ-nin saytında yoxdur, onu ancaq ARİ-nin meta səhifəsində görmək olar. Lakin sayta baxış 2015-ci ildə Azərbaycan rus icmasının RF prezidenti V.Putinə müraciətini aşkarlayıb:

- Çox hörmətli Vladimir Vladimiroviç!

Rusiyanın Krımla birləşməsi aktının imzalanması münasibətilə 120 minlik Azərbaycan rus icması adından səmimi təbriklərimizi qəbul edin”, - ARİ Putini təbrik edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Krımı Ukraynanın ərazisi hesab edir.

Martın 27-də Turan deputat M. Zabelinin köməkçisi  Firdovsi Cahangirov ilə əlaqə saxlayıb, ARİ-nin mövqeyinin Ukraynada müharibəylə bağlı Azərbaycanın rəsmi bəyanatları ilə uyğunsuzluğunu izah etməyi xahiş edib.

F.Cahangirov deyib ki, ARİ-nin bəyanatı iki pravoslav və slavyan xalqı arasında sülh və dostluğun bərpasına yönəlib. O hesab edir ki, ARİ bəyanatında müharibəyə çağırmır. "Zelenski Ukraynada müharibə salaraq ABŞ-ın çirkin siyasi oyununun qurbanı oldu".

Turan-ın “Ukraynada müharibə aparan Rusiyadır, Ukrayna ordusu Rusiyaya girməyib” iradına Zabelinin köməkçisi Cənubi Qafqazın ən böyük rus icmasının Azərbaycanda olmasını və Azərbaycan-Rusiya  dövlətlərarası strateji münasibətləri xatırlatmaqla cavab verib.

F.Cahangirov Turan-ın diqqətini ARİ-nin bəyanatında bizim xalqın Qarabağdakı ədalətli müharibəsində rusların Azərbaycanı dəstəkləməsilə bağlı hissəyə yönəldib.  Sonda o vurğulayıb: "Zabelin bir deputat kimi rəsmi Bakının vəziyyətin dinc yolla həllinə və hərbi əməliyyatlara qarşı yönələn mövqeyini dəstəkləyir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun