Türkiyə ilə Ermənistan arasında uçuşlar fevralda başlayır

Türkiyə ilə Ermənistan arasında uçuşlar fevralda başlayır
13 Yanvar 2022
Mətni dəyiş
Türkiyə və Ermənistan nümayəndələri illərlə davam edən gərginlikdən sonra ilk görüşünü Moskvada keçirməyə hazırlaşır, iki ölkə arasında uçuşların başlayacağı xəbəri yayılıb. Reuters agentliyinin xəbərinə görə, Pegasus Hava Yolları ilə ucuz xidmətlər təklif edən Moldovanın FlyOne şirkətinin İstanbul-İrəvan uçuşları fevral ayında başlayacaq. Pegasus fevralın 2-də İrəvana ilk səfərini reallaşdıracaq. Qayıdış səfəri fevralın 3-də olacaq. Pegasus sözçüsü həftədə üç dəfə qarşılıqlı uçuşların olacağını açıqlayıb. Rusiyanın TASS xəbər agentliyi də Moldovanın FlyOne şirkətinin fevralın 2-də ilk İrəvan-İstanbul reysini təşkil edəcəyini bildirib. Türkiyə ilə Ermənistan arasında illərdir diplomatik və iqtisadi əlaqələr yoxdur. Türkiyə və Ermənistan 2009-cu ildə münasibətlərin normallaşdırılması ilə bağlı razılığa gəliblər, lakin Azərbaycan tərəfinin etiraz etməsi nəticəsində heç bir irəliləyiş əldə olunmayıb. Türkiyənin İkinci Qarabağ Müharibəsində Azərbaycana dəstək verməsi də iki ölkə arasında gərginliyə səbəb olub. Xarici işlər naziri Mövlud Çavuşoğlu dekabr ayında Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı etdiyi çıxışda iki ölkə arasında dialoqun başlaması üçün xüsusi nümayəndələr təyin ediləcəyini açıqlamışdı. Çavuşoğlu Azərbaycanın Türkiyə və Ermənistanın atdığı addımı "doğru" hesab etdiyini deyərək əlavə edib: “Hər məsələni Azərbaycanla koordinasiya edirik, onlarla birlikdə danışırıq, qərar veririk; səfirlik yox, xüsusi nümayəndə təyin edirik. Gələcəkdə normallaşarsa, Ermənistan bu son təcrübələrdən dərs alıb sülh və əmin-amanlığa üstünlük versə, sabah bu normallaşma prosesində səfirlik açıla bilər. Bu məsələdə Azərbaycanla birlikdə qərar verəcəyik”. Ermənistan da Türkiyə ilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsi ilə bir-birinə bağlayacaq dəhlizə qarşı çıxmasına baxmayaraq, xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndələr sabah Moskvada keçiriləcək görüşdə birbaşa dialoq yolu ilə münasibətlərin normallaşması üçün yol xəritəsi yaratmağa çalışacaqlar. Danışıqlar nəticəsində Ermənistanın Türkiyə məhsullarına tətbiq etdiyi embarqonun aradan qaldırılacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun