Tarif Şurası tibbi tullantılar və bir sıra poçt xidmətləri üzrə tarifləri artırdı

Yanvarın 13-də Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Rəsmi məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib.

Müraciətdə həmçinin, deyilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.

İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.

Eyni zamanda, Azərbaycanda təhlükəli tibbi tullantılarla bağlı da tariflər artırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcək.

Qərar yanvarın 17-dən qüvvəyə minəcək.

Bununla bərabər, Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Əvvəlki məqaləBu gün Ermənistanla Türkiyə arasında danışıqlar başlayır
Növbəti məqalədəRusiya Azərbaycana Ermənistanın demarkasiya komissiyası ilə bağlı təkliflərini çatdıracaq