Suriya xüsusi xidmət orqanlarının keçmiş polkovniki Almaniyada ömürlük azadlıqdan məhrum edilib

Cümə axşamı Almaniyada Suriya xüsusi xidmət orqanlarının keçmiş polkovniki insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib.

Koblenz məhkəməsi 58 yaşlı suriyalı Ənvər Raslanı Dəməşq həbsxanasında məhbuslara işgəncə verməkdə və öldürməkdə təqsirli bilib. Məhkəmə suriyalının 2011-12-ci illərdə 4 min adama işgəncə verməkdə əlinin olduğunu sübut edib.

İttiham tərəfinin fikrincə, Raslan Suriya hakimiyyətinin müxaliflərinin saxlandığı Dəməşq həbsxanalarından birində işləyib və dindirmələrə rəhbərlik edib. Prokurorluqda 30 işgəncə qurbanı ilə bağlı məlumat var.

2012-ci ilin sonunda Raslan müxalifətə keçib və ailəsi ilə birlikdə İordaniyaya qaçıb. 2015-ci ildə onun ailəsi Almaniyadan sığınacaq alıb. İki il sonra keçmiş polkovnik hərbi cinayətlərdə şübhəli bilinən suriyalının işində şahid qismində dindirilib. O, həbsxanadakı işi barədə məlumat verib və 2019-cu ilin fevralında həbs edilib.

Koblenz məhkəməsi bu qərarı beynəlxalq hüququn pozulmasını cinayət hesab edən və Almaniyada törədilməmiş olsa belə, Almaniya məhkəmə sisteminə insanlığa qarşı cinayətləri təqib etməyə icazə verən qanuna əsasən verib.

Əvvəlki məqaləTürkiyə ilə Ermənistan arasında uçuşlar fevralda başlayır
Növbəti məqalədəKTMT sülhməramlıları Qazaxıstanı tərk ediblər