HRW: Dünya liderləri demokratiyanı qorumaqda çətinlik çəkir

HRW: Dünya liderləri demokratiyanı qorumaqda çətinlik çəkir
14 Yanvar 2022
Mətni dəyiş
Human Rights Watch (HRW) qərb liderlərini, xüsusən də ABŞ prezidenti Co Baydeni demokratiyanı qorumaqda zəiflikləri, iqlim böhranı, Covid-19, bərabərsizlik və irqçiliklə mübarizədə uğursuzluqlarına görə tənqid edib. Təşkilatın Baş Direktoru Kennet Rot dərc etdikləri son illik hesabatda Baydenin sələfi Trampdan fərqli olaraq, insan haqlarını siyasətlərinin mərkəzinə qoymaq vədi ilə gəldiyini xatırladıb: “Ancaq Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsrailin tərəfindən davamlı pozuntulara baxmayaraq, bu ölkələrə silah satmağa davam edib", Rot bildirib. Rot vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel kimi digər liderlər “demokratiyanın müdafiəsində bənzər zəifliklər” nümayiş etdiriblər. ABŞ Dövlət Departamentinin və Ağ Evin müəyyən ölkələrdəki repressiyalara qarşı ara-sıra etiraz etdiyini, bəzi ekstremal hallarda məqsədyönlü sanksiyaların tətbiq edildiyini qeyd edən Rot buna baxmayaraq, prezidentin güclü səsinin eşidilmədiyini bildirib. "Demokratiyalar avtokratiyalara qarşı qlobal döyüşdə qalib gəlmək istəyirlərsə, demokratik liderlər avtokratların aşkar çatışmazlıqlarına işıq salmaqdan daha çox şey etməlidirlər. Onlar demokratik nizamı güclü və müsbət nümunəyə çevirməlidirlər", - Rot deyib. AFP-yə də müsahibə verən Rot bildirib ki, demokratik liderlərin məsuliyyəti üzərlərinə götürmədikləri və lazımi uzaqgörən liderliyi etmədikləri təqdirdə səbəb olacaq ümidsizlik və məyusluq avtokratlara tam olaraq istədikləri zəmini verəcək. Dünyada insan haqlarının pozulması ilə bağlı 750 səhifəlik hesabatda Çin, Rusiya, Belarus və Misir kimi ölkələrdə baş verən pozuntular ətraflı şəkildə göstərilib. Hesabatda Myanma və Sudandakı çevrilişlərə, Macarıstan, Polşa, Braziliya və Hindistan kimi ölkələrdə avtokratik meylli liderlərin yüksəlişinə də diqqət çəkilib. Amerika demokratiyası təhdid altındadır Rot vurğulayıb ki, keçmiş prezident Donald Tramp və müttəfiqləri 2020-ci il seçkilərinin nəticələrinə təsir göstərə bilməsələr də, Amerika demokratiyası hələ də təhlükə altındadır. Keçən ilin yanvarında Tramp tərəfdarlarının konqresə hücumunun “başlanğıc” olduğunu deyən Rot indi növbəti seçkiləri hədəfləyən daha mürəkkəb işlərin aparıldığını bildirib. Neqativlərə rəğmən avtokratiyaların yüksəlişdə olduğu fikrini qəbul etməyən Rot sağlam düşüncəli insanların Çexiya və İsraildə olduğu kimi avtokratlara qarşı fikir ayrılıqlarını bir kənara qoyaraq birləşə bildiyini, Myanma və Sudanda olduğu kimi həbs və güllələnmə təhlükəsinə baxmayaraq küçələrə çıxa bildiyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun