Rus ədəbiyyatı və türklər - Elçin İmanov

Rus ədəbiyyatı və türklər - Elçin İmanov
12 Noyabr 2021
Mətni dəyiş

Rus ədəbiyyatına xüsusi simpatiyam var. Mütaliə etdiyim bədii ədəbiyyatın böyük hissəsini rus yazıçı və şairlərinin mətnləri təşkil edir. Bunun üçün zəmin də var. Sovet dövründə rus klassik ədəbiyyatı demək olar ki, bütövlüklə dilimizə uğurla çevrilib. Təkcə bu adları oxumaq kifayət edər: Lev Tolstoy 14 cilddə (o cümlədən “Hərb və Sülh”, “Anna Karenina”, “Dirilmə”, “Hacı Murad”), M.Qorki 15 cilddə (o cümlədən “Ana”, “Uşaqlıq”, “Özgə qapılarında”, “Mənim universitetlərim”, “Klim Samginin həyatı”), Puşkin 6 cilddə, Qoqol 6 cilddə (o cümlədən “Ölü canlar”), Turgenev 3 cilddə (o cümlədən “Atalar və oğullar”, “Rudin”), Şoloxov 6 cilddə (o cümlədən “Sakit Don”, “Oyanmış torpaq”), Çexov 3 cilddə, Dostoyevskinin əsərləri (o cümlədən “Alçaldılmış və təhqir edilmiş insanlar”, “Cinayət və cəza”, “İdiot”), “Ağıldan bəla”, “Zəmanəmizin qəhrəmanı”, “Oblomov”, “Nə etməli?”, “Olmuşlar, düşüncələr” (təəssüf ki, bu gözəl əsər ixtisarla tərcümə edilib), “Polad necə bərkidi”, “Əzablı yollarla” (2 kitabda), “Dirilər və Ölülər” (3 kitabda), “Mühasirə” (3 kitabda), “Arbat övladları”, “Sahil”, “Sonuncu möhlət”, Leskovun, Kuprinin, Mayakovskinin, Blokun, Yeseninin, Buninin, Şukşinin, Paustovskinin, Trifonovun, Yevtuşenkonun əsərləri və sair. Mən hələ 1991-ci ildən bəri tərcümə edilmiş əsərləri saymıram.

Bu, böyük bir bədii-estetik sərvətdir. Sanballı tərcümə birdən-birə ortaya çıxmır. Sadaladığım əsərlərin yüksək səviyyədə tərcümə edilməsi tərcümə mətnlərinin zaman-zaman, ciddi tənqid süzgəcindən keçməsi nəticəsində mümkün olmuşdur. Bugün ədəbiyyatşünaslıqda olan boşluqlardan biri tərcümə tənqidinin bir proses kimi yerli-dibli yoxa çıxmasıdır. Bunun fəsadlarını yaşamaqdayıq.

Azərbaycan ədəbi dilinin, bədii ədəbiyyatın yaranmasında rus dilindən edilmiş tərcümələrin də təbii olaraq hansısa rolu olub. Məsələn, Azərbaycan romanı bir fenomen kimi sovet dövründə təşəkkül tapıb, nəsrimiz rus ədəbiyyatından qidalanıb və indi də qidalanır. Bu, şübhəsiz belədir. Bu kimi faktlar məni, həm oxucu , həm də ara-sıra rus dilindən tərcümələr edən bir müəllif kimi, istər-istəməz, rus yazıçılarının əsərlərinin tərcümələrinə diqqət yetirməyi tələb edir. Bədii tərcümənin necə çətin bir sahə olduğunu, necə bir məsuliyyət daşıması, tərcümə sənətini xırdalıqları haqqında təfsilatlı şəkildə açıqlamağa, bu barədə uzun-uzadı yazmağa, sitatlar gətirməyə yəqin ki, lüzum yoxdur. 

2007-ci ildə iki cilddə çıxmış Rus ədəbiyyatı antologiyasının ön sözündə tərtibçilər yazırdı: “İlk baxışdan təəccüb doğursa da, SSRİ kimi fövqəldövlətin dağılmasından sonra Azərbaycanda rus ədəbiyyatından bədii tərcümələr əvvəlki intensivliyini saxlamış, fərqli cərəyanlara, ədəbi məktəblərə və üslublara mənsub olan şair və nasirlərin yaradıcılığına diqqət xeyli artmışdır”.

Son vaxtlar isə rus ədəbiyyatını Azərbaycan dili qala-qala türk dilində oxumaq tendesiyasını görəndə adam təəccüb qarışıq qəribə bir təəssüf hissi keçirir. Ey dili-qafil, sən demə Mirzə Cəlinin “Anamın kitabı” dramı hələ də aktuallığını saxlayırmış. Hələ də bu dramanı yaşayırıq. Təəccüblüdür ona görə ki, rus klassiklərinin külliyyatı artıq çoxdan dilimizə çevrilib. Təəssüf ona görə ki, türk dilinə bədii tərcümlərin ümumi keyfiyyəti sual altındadır. Bunu özləri təsdiq edir. Türk nəşrlərində hələ ki, kəmiyyət üstünlük təşkil etməkdədir. 

Bəs, görəsən, türklər rus ədəbiyyatını necə çevirir? Bu “Sfinks tapmacası”nı çözmək lazımdır.

5-6 il əvvəl, türk nəşriyyatlarından birinin çap etdiyi bir kitab sosial şəbəkələrdə tənqid və gülüş obyekti olmuşdu. Bir çoxlarının yadına gələr. Kitabın adında Dostoyevskinin “Budala” (“İdiot”) əsəri yazılmış, üz qabığında isə yazıçı Puşkinin şəkli ilə rəssam Kramskoyun “Naməlum qadın”ı kollaj edilmişdi. Bu hələ kitabın üzü idi. Gör indi içi necədir. Mən internetdə araşdırma aparanda həmin nəşriyyatın rüsvayçı bir reputasiyaya sahib olduğunu müəyyən elədim. İngilislərin “kitabı cildinə görə mühkimə etmə” deyimi, özünün hərfi mənasında, bu məqamda yersiz səslənir.

Müşahidələrim onu göstərir ki, türkləri rus ədəbiyyatına çəkib aparan, əksərən, rus ədəbiyyatında olan sentimentallıqdır. Misal olaraq, Dostoyevskinin “Ölü evdən qeydlər”ini göstərmək olar. Türk oxucuları əsərdə məhbusların şəraitindən, onların nə düşündüklərindən, qəhrəmanın hiss-həyəcanlarından daha çox hər gün döyülən, sevgidən məhrum, yazıq it özünə çəkir. 

Digər bir məqam. Tərcümənin birbaşa, orijinal rus mətnindən deyil, ikinci əldən, ingilis, fransız dilinə tərcümədən edilməsi türklər arasında geniş yayılıb. Tərcümənin tərcüməsi isə keyfiyyət itkisi deməkdir.

Aşağıda rus dilindən türk dilinə çevrilmiş bədii ədəbiyyatdan bəzi nümunələr gətirməklə mən də öz “iki sentimi” ortaya qoymaq istəyirəm. Mənim, əlbəttə ki, əksər tərcümələri oxumaq, mətnləri bir-bir tutuşdurmaq kimi imkanım yoxdur, sadəcə olaraq türkçə mətnlərdə qarşılaşdığım, rastıma çıxan nüansları qeyd etmək istərdim. 

Nümunə 1.

M.Qorki. Klim Samginin həyatı

Klimgildə bir dəfə söhbət əsnasında Darvinin adı çəkilir. Həkimin arvadı deyir: “Darvin iblisdir”. Buna cavab olaraq həkim əsəbiləşir: “Valaam eşşəyi”. 

Valaam eşşəyi Bibliya əfsanələrindən biridir, gözlənilmədən danışaraq etiraz edən susqun və müti adamlara ironiya ilə deyilir.

Türk dilinə tərcümədə tərcüməçi bu allüziyanı başda düşmədiyinə görə bu incəliyi tutmamış, lornan şora fərq qoymamış, həmin yeri “Valaamovun dişi eşşəyi...” (Klim Samginin yaşamı.1. səh 28) kimi səhv tərcümə etmişdir. Yəni, Valaamovu əsərin bir personajı hesab etmişdir. Belə bir gülünc tərcümə.

Nümunə 2.

M.Qorki. Klim Samginin həyatı

Bir dəfə Klim Varavkanın adını soruşur. Varavka deyir:

“Mən türkəm. Mənim əsl familiyam belədir: Bey. Ancaq Nepalkoy Akopeykoy.”

Aşkardır ki, burada Varavka Klimlə məzələnir. Azərbaycan dilində tərcümədə tərcüməçi (H.Şərif) haqlı olaraq mətnin aşağısında belə bir izahat verməli olmuşdur: Bey – Vur. Ağacla yox. Pulla vur.

Türk dilində tərcümədə isə tərcüməçi belə bir izahata ehtiyac görməyib, eləcə “Nepalkoy Akopeykoy Bey” (Klim Samginin yaşamı.1. səh 18) yazmışdır. Mənə elə gəlir ki, tərcüməçi Qorkinin söz oyununu ciddi qəbul edərək Varavkanın əsl adının Nepalkoy Akopeykoy Bey, yəni türk olduğuna inanmışdır.

Nümunə 3.

M.Qorki. Klim Samginin həyatı

Səhər çağı əli-qolu zəncirli məhbuslar küçədən keçir. Məhbuslardan biri pəncərədə Samgini görüb yoldaşına deyir: “Ora bax, Lazar dirilib!”.

Görünür, Lazarın Bibliya personajı olmağı tərcüməçidən başqa hamıya məlumdur. Belə olmasaydı tərcüməçi Lazarın şəxsiyyəti oxucuya aydın olsun deyə mətnin altında belə bir yanlış şərh yazmazdı: “Tanınmış romalı maarifçi.” (Klim Samginin yaşamı.1. səh 408) 

Diqqət edirsinizsə, buradakı yanlışlıq 1-ci nümünədəki yanlışlıqla mahiyyətcə eynidir. Yəni, tərcüməçi rus ədəbiyyatının İncil fəlsəfəsinə, Zəbur lirikasına söykəndiyini bilmir və bu səbəbdən də tərcümədə bu faktoru nəzərə ala bilməyib.

Nümunə 4.

M.Qorki. Klim Samginin həyatı

Kənddə kilsə zəngi qaldırırlar. Qorki yazır: “Böyük kilsə zəngi Klimə “Ruslan”dakı bahadırın başını xatırlatdı”.  Oxuculara məlumdur ki, burada söhbət “Ruslan və Lüdmila” poemasında Ruslanın səhrada qarşısına çıxan yekə, canlı kəllədən gedir və Qorki Puşkinə bir göndərmə edib. 

Türk dilində bu “yiğit Qolova” (Klim Samginin yaşamı.1. səh 384) kimi qeyri-dəqiq çevrilib. 

Nümunə 5.

V.Pelevin. Çapayev və Boşluq

Romanda belə bir məqam var. Əsərin qəhrəmanı səhnəyə çıxır, bir ayağını kətilin üstünə qoyur, bir əlində tapançanı (mauzeri) yuxarı, başının üstünə qaldırır, o biri əlində kağıza yazdığı şeiri oxuyur. Şeirin adı rus dilində Revvoensonet adlanır. Bu, Revvoensovet sözünün (Революционный военный совет) qısaltması ilə oyundur. Sovet və Sonet. Bir hərflə məna tam dəyişir. Pelevinin həmişəki xasiyyətidir. Yəni, söz İnqilabi hərbi sonet kimi tərcümə olunmalıdır. Türk tərcüməçi bu söz oyununu başa düşmədən, bilmədən onu İnqilabi hərbi şura kimi çevirmişdir. (Victor Pelevin - Buda'nın Serçe Parmağı. Səh 33)

Nümunə 6.

L.Tolstoy. İnsana çoxmu torpaq lazımdır.

Əsərin son cümləsi:  “Muzdur ərsini götürüb Paxom üçün qəbir qazdı,  düz boyu uzunluqda – üç arşınlıq qəbir və basdırdı onu.” (tərc. R.Ağayev) 

Fikir verin. Tolstoy heç bir izahata ehtiyac duymur, sadəcə prosesi təsvir edir. İndi həmin cümlənin türk dilindəki qarşılığına baxaq:

“Uşağı, küreği alarak Pahom’a uygun bir mezar kazıp gömdü. İki metrelik toprak doyurmuştu Pahom’un gözünü”. Gördündüyü kimi, tərcüməçi Tolstoyun üslubunun başına yekə bir daş salmışdır.

Belə misalları min bir gecə kimi uzatmaq mümkündür. İstənilən oxucu istəsə bunu asanlıqla aşkar edə bilər. Burada mənim məqsədim məşhur bir filosofun sözləri ilə desəm, Platon ilə dostluqdan daha əziz olan həqiqəti göstərməkdən ibarətdir.

Elçin İmanov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun