Gəncə məhbusunun anası: “Tək istəyimiz uşaqlarımızın azadlığıdır”

Gəncə məhbusunun anası: “Tək istəyimiz uşaqlarımızın azadlığıdır”
24 Noyabr 2021
Mətni dəyiş

Noyabrın 25-də “Gəncə işi”ndə təqsirləndirilən şəxslərdən bir neçəsinin apellyasiya məhkəməsi keçiriləcək.  Amma məhbusların yaxınları bu məhkəmədən müsbət nəsə gözləmədiklərini deyirlər. 

Onlardan biri də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Ceyhun Qurbanovdur.

“Məhkəmələrdən güzəşt yox, ədalət umuruq”

Onun həyat yoldaşı Cəmilə Qurbanova “Toplum TV”-yə danışır  ki, məhkəmənin ədalətli qərar verəcəyinə ümidi qalmayıb: “Günahsız insanları tutub 18 il iş veriblər, həbs müddətini azaltsalar nə olacaq? Biz məhkəmələrdən güzəşt yox, ədalət umuruq”.

Cəmilə və Ceyhun 7 ildir ki, ailəlidirlər. Onların 5 yaşında Əbülfəz adlı oğulları da var. Atası Əbülfəzin 2 yaşı olanda həbs edilib. Ailə 3 ildir ancaq  Kürdəxanı İstintaq Təcridxanasında görüşə bilir. Atasının həbsdə olduğunu bilmir, elə bilir ki, Ceyhun orda işləyir. Ceyhun həmişə telefonla danışanda deyir ki, işdəyəm, qutarsın, gələcəm. Biz dindarıq, oğluma da dua etməyi öyrətmişəm. Mən həmişə namaz qılanda gəlir, yanımda oturur ki, ana, gəl dua eliyək, atam tez qayıtsın. Bütün uşaqlar kimi o da atasının yanında olmasını istəyir. Hər dəfə Ceyhunla görüşdən qayıdanda zəng vurur ki, sizi görəndən sonra lap çox darıxıram”.

Cəmilənin dediyinə görə, həyat yoldaşı heç vaxt siyasi məsələlərə qarışmayıb: “Ceyhun mebel dükanında işləyirdi. İş-ev arasında gedib-gəlib. Özü də epilepsiya xəstəsi, yaddaşı da zəif... Onun elə bir halı yox idi ki, dövlətə qarşı qruplaşma yaratsın”.

O, ərinin vəziyyətinin yaxşı olmadığını, həbsdə tez-tez özündən getdiyini, ayağının şişdiyini və əməliyyat olunmalı olduğunu söyləyir. Amma gənc qadının dediyinə görə, onun səhhəti ilə maraqlanan  yoxdur.

“Mənim ata-anam yoxdur, Ceyhun mənim üçün həm ataydı, həm ana”, - danışdıqca Cəmilə göz yaşlarını saxlaya bilmir.  Birtəhər toparlanıb deyir: “Çox çətindi, bəzən uşaq elə suallar verir ki, cavab tapa bilmirəm”.

“Polis eynəyi sındırıb, deyib ki, indi görürsən?”

Ceyhunun anası Mətanət Qurbanova söhbətə qoşulur. Ananın dediyinə görə, Yunis Səfərovla uzaq qohumdurlar. Hadisədən əvvəl Ceyhunla Yunis arasında sadəcə telefon danışığı olub.

“Oğlum iyulun 3-də gəzməkdə olub, videoları da var. Yunis mənim xalamın nəvəsidi. 3 iyuldan əvvəl Ceyhuna zəng edib ki, mənə kirayəyə ev tap. Ceyhun da deyib ki, mən Bakıdayam, kirayə yeri bilmirəm. Telefonda bir dənə bu zəng olub, başqa da heç nə”, - M. Qurbanova danışır. Onun sözlərinə görə, Ceyhun axtarış vaxtı Bakıda olduğundan izahat üçün Binəqədi rayon 4-cü polis şöbəsinə çağrılıb. Anasına danışdığına görə, izahat yazmağa gedəndə cibində 50 manat pul və zəif gördüyü üçün gözündə eynək olub. M. Qurbanova iddia edir ki, polislər oğlunun eynəyini qırıb, pulunu da götürüblər: “Oğlum deyib ki, pulu götürün, amma eynəyimi verin, gözüm zəifdi, görmürəm. Polis eynəyi sındırıb, deyib ki, indi görürsən?”

M. Qurbanova həmin gün gecə yarısınadək oğlunun qayıdacağını gözləyib: “Bacımın oğlu içəri girdi, dedim, Ceyhun hanı? Dedi ki, xala, bu gün buraxmadılar, sabah gələcək... Oğlum o gedən getdi, bir də qayıtmadı...”, - bunu söyləyən ananın nitqi qırılır.

“...mitinq etmirik, ayağa durmuruq, tək istəyimiz uşaqlarımızın azadlığıdır”

Eyni ittihamlarla təqsirləndirilən Vüqar Məmmədovun anası Mənsurə Məmmədovanın da appelyasiya məhkəməsindən müsbət gözləntisi yoxdur: “Bu ölkədə haqq-ədalət yoxdur. Nə bilim, bəlkə də, kimsə insafa gələr, uşaqların işini yüngülləşdirər. İnanırsınız, daha heç nəyə inamımız qalmayıb. Bahalığa, aclığa, işsizliyə də razıyıq, mitinq etmirik, ayağa durmuruq, tək istəyimiz uşaqlarımızın azadlığıdır”.

Mənsurə Məmmədova danışır ki, Y. Səfərov 2017-ci ildə polisi yaralayıb silahını götürdüyü vaxt Nizami rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Onun sözlərinə görə, oğlu Vüqar da həmin vaxt mühafizə polisi kimi çalışırmış vəYunis Səfərovu şəklindən tanıyır.

“Onları ortaq dostları tanış etmişdi. Hamısı dindar uşaqlar idi, məsciddə tanış olmuşdular. Vüqar polis idarəsində Yunisi tanıyır deyə, onu axtarmağı oğluma tapşırırlar. Hətta Faiq Şabanov oğluma deyib ki, əgər Yunisi tapsan, vəzifəni artırıb, sənə mükafat verəcəyik”.

M. Məmmədovanın söylədiyinə görə, Gəncədə axtarışda olan Yunis Səfərov il yarım ərzində tapılmayıb və oğlu da buna görə işdən çıxarılıb. Bundan sonra Yunis ev tapmaq üçün Vüqara müraciət edib: “Yunis deyib ki, şəhərdə evlər bahadı, mənə Bağmandan ev tap. Vüqar da 50 manata onun üçün ev tapıb. Yunis o evdə heç 20 gün yaşamayıb, Vüqarın da onun getdiyindən xəbəri olmayıb”.

Nəhayət 1 il sonra icra başçısı güllələnən zaman Yunis Səfərov yaxalanır.

“İyulun  14-də polislər gəldi ki, Vüqarla danışıb buraxacağıq. Amma buraxmadılar. Ərim də köhnə polisdi, Vüqarın arxasınca getmişdi. Gəldi ki, Vüqarı buraxmırlar, Nizami rayon Polis İdarəsində də qan su yerinə axır”.

Ananın dediyinə görə, 10 ay oğluyla görüşə bilməyib: “Gəncə məhbuslarına işgəncələr çox olub, amma mənim  oğlum polis işləyib deyə guya hörmət edib ona işgəncə verməyiblər”.

M. Məmmədova məhkəməni tamaşa ilə müqayisə edir: “Məhkəmə vaxtı adam özünü oyunun içində hiss edir. Axrıncı dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev 30 dəqiqə fasilə verib getdi, qayıdıb gələndə oturmadan, heç kəsə söz vermədən gələn sifarişləri icra etdi. İnanırsınız, o məhkəmələrdə uşaqların qandallarını belə açmağa qoymadılar. Gözlədiyimiz ədalət nə dövlətdə var, nə də məhkəmədə”.

Ombudsman Aparatı: “ Məhbus hazırda müalicə müəssisəsindədir ”

Ombudsman Aparatının mətbuat katibi Emil Şahzadə “Toplum TV”-yə bildirib ki, qurumun əməkdaşları 3 ay əvvəl həyat yoldaşının müraciətinə əsasən Ceyhun Qurbanovun səhhətiylə maraqlanıb. Hazırda da C. Qurbanov müalicə müəssisəsindədir.

"Vətəndaşla, onun ailəsiylə Səbinə xanımın özü şəxsən görüşür. Xəbərdarlıq olunmadan da əməkdaşlarımız həbsxanalara tez-tez baş çəkir, məhbusların qayğılarıyla maraqlanırlar".

Hüquq-mühafizə orqanları isə Gəncə işinə görə həbs edilənlərin işgəncə iddialarını həmişə təkzib edirlər.

Xatırlatma

Rəsmi məlumatda deyilir ki, 2018-ci il iyulun 3-də Gəncədə böyümüş Rusiya vətəndaşı Yunus Səfərov şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahla hücum edib, mühafizəçisini ağır yaralayıb.

Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror sayır, onun əsas məqsədinin Azərbaycanda islam dövləti qurmaq olduğunu iddia edir.

Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Y. Səfərovla birlikdə daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Bu işdə təqsirləndirilən iki nəfər - Anar Bağırov və Ağa Sərxani isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun