Eldar Həsənov onu yalnız həkim Adil Qeybullanın müayinə etməsini istəyir

Eldar Həsənov onu yalnız həkim Adil Qeybullanın müayinə etməsini istəyir
23 Noyabr 2021
Mətni dəyiş
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci ilin iyulunda Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı saxlanılan Lamiyə Canəhmədova noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, keçmiş Baş prokuror və səfir Eldar Həsənovun məhkəməsində şahid qismində ifadə verib. Lamiyə Canəhmədova bildirib ki, 2013-2020-ci illərdə XİN-in Maliyyə İdarəsinin rəisi olub. Eldar Həsənovun işi üzrə istintaqda da dindirildiyini yada salan şahidin sözlərinə görə, ona Serbiya, Bosniya və Monteneqroda səfirlik üçün binalar alınması haqda suallar veriblər: “O binaların alınması üçün vəsaitlər Nazirlər Kabinetinin sərəncamıyla ayrılıb. Sənədlərin bir nüsxəsi Xarici İşlər Nazirliyinə, bir nüsxəsi də Maliyyə Nazirliyinə verilib. Həmin sərəncam əsasında da maliyyə vəsaitləri ayırmışıq. Qanunvericiliyə uyğun olaraq, səfirliklərdən rüblük və illik hesabatlar alırdıq, araşdırırdıq, vəsaitləri təqdim edirdik”. Lamiyə Canəhmədova deyib ki, səfirlik binalarının alınması, xarici ölkələrdə parkların salınması üçün büdcədən ayrılan vəsaitlərlə bağlı səfir XİN-ə hesabat göndərmirdi. Çünki qanunvericilikdə belə bir tələb yox idi. Üstəlik, hər bir səfirlikdə maliyyə məsələlərinə məsul olan şəxs var, onlar bütün xərcləri hesablayıb, nazirliyə təqdim edirdi. “Səfirlikdən göndərilən proqnoz Xarici İşlər və Maliyyə nazirlikləri tərəfindən araşdırılırdı. Araşdırılandan sonra məbləğ ayrılmasına qərar verilirdi. Mən işlədiyim dövrlərdə Eldar Həsənovun rəhbər olduğu səfirliklərdə yoxlama aparılmasını xatırlamıram. 73 səfirlik vardı, heç bir səfirlə şəxsi münasibətim olmayıb”, – şahid bildirib. Lamiyə Canəhmədova əlavə edib ki, səfirliklərin xərclər smetası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənirdi: “Səfirliklər xərclər smetasını iyunun 1-nə qədər bizə təqdim edirdi. İyulun 1-də biz onları nazirliklərə təqdim edirdik. Dekabrda artıq smetalar hazır olurdu, vəsait ayrılırdı…” Məhkəmədə bir sıra sənədlər də elan edilib. Bundan sonra vəkil Cavad Cavadov həkim Adil Qeybullanın DTX-nın istintaq təcridxanasında Eldar Həsənovu müayinə etməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, noyabrın 19-da Avropa Məhkəməsi noyabrın 19-da Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən, qərar qəbul edib. May ayından bu yana bu məsələ ilə əlaqədar qəbul etdiyi üçüncü qərarında Avropa Məhkəməsi Azərbaycan hökumətindən Eldar Həsənovun zəruri, yüksək ixtisaslı tibbi yardımla təmin olunmasını, onun vəziyyəti barədə Strasburqa məlumat verilməsini tələb edib. “Avropa Məhkəməsi qərarında yazıb ki, əgər Eldar Həsənovun sağlıq durumuyla əlaqədar zərurət varsa, stasionar qaydada müalicə üçün xəstəxanaya yerləşdirilməsi də təmin olunmalıdır. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarına dair qanunvericilik də ona istədiyi həkim tərəfindən müayinə və müalicə olunmaq hüququ verir. Eldar Həsənov həkim Adil Qeybullaya etibar edir, onun vasitəsilə müayinə olunmaq istəyir. Xahiş edirik, icazə verin, Adil Qeybulla ona baş çəkib, müayinə eləsin”, – vəkil bildirib. Dövlət ittihamçısı Eldar Həsənova saxlandığı DTX-nın istintaq təcridxanasında lazım olan tibbi yardımın göstərildiyini vurğulayaraq, Adil Qeybulla ilə bağlı vəsatətin təmin olunmamasını istəyib. “Ən elementar məsələnin də təmin olunmasına imkan vermirsiz…”, – Eldar Həsənov belə cavab verib. Hakim Əfqan Hacıyev bildirib ki, məhkəmənin bu məsələ ilə bağlı qərarı növbəti məhkəmə iclasında açıqlanacaq. Məhkəmə prosesi noyabrın 26-da davam edəcək. Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb. Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun