Almaniya daha 43 Azərbaycan vətəndaşını deportasiya edib

Noyabrın 25-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Bunu Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib. O qeyd edib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb. 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” Saziş imzalanıb. Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir. Amma son vaxtlar bu qaydada Azərbaycana qaytarılan mühacirlərdən Röya Rəfili yerləşdirilmədə üzləşdiyi çətinliklərlə bağlı dəfələrlə sosial şəbəkələrdə şikayətini ifadə edib.

Üstəlik, Almaniyadan qaytarılanlardan iki nəfər fəal narkotik ittihamı ilə həbs edilib. Onlardan biri müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucov, digəri isə Malik Rzayevdir. Onların yaxınları ikisinin də saxlandıqdan sonra işgəncəyə məruz qaldıqlarını bildirdiklərini açıqlayıblar. Amma rəsmi qurumlar bu şikayəti təsdiq etməyiblər.

Əvvəlki məqaləAzərbaycan iki əsiri Ermənistana təhvil verib, biri sərhəd döyüşlərində saxlanılmışdı
Növbəti məqalədəAvropada sürət həddini aşan avtomobillərin sürəti avtomotik olaraq yavaşladılacaq