Vəkili Saleh Rüstəmovla görüşməyə nail olub - [Yenilənib]

Vəkili Saleh Rüstəmovla görüşməyə nail olub - [Yenilənib]
8 Noyabr 2021
Mətni dəyiş
Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı (1992-1993) Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların bildirməsinə görə, o, artıq üç gündür ki, aclıq aksiya keçirir. Yaxınlarının vurğulamasına görə, o, aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib: "Bildirdi ki, bütün hüquqi qapılar onun üçün bağlanıb…". Onun vəkili Bəhruz Bayramov isə bildirib ki, bu gün, noyabrın 8-də S.Rüstəmovla müalicə müəssisəsində görüşüb: "Aclıq aksiyasını davam etdirir. Elə məhz buna görə onu cəzaçəkmə müəssisəsindən bura köçürüblər. Mənim dəfələrlə xahiş etməyimə baxmayaraq, aclığı qətiyyən dayandırmayacağını, qərarında israrlı olduğunu deyib". Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 16 min civarında şəxsə şamil ediləcəyi, onlardan 3 minınin sırf həbsdən azadlığa buraxılacağı açıqlanıb. Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb. *****

Bir qədər əvvəl Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov atasının “tubzon” kimi tanınan  3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilməsi haqqında yazıb.

"Atamın Ədliyyə Nazirliyinin xüsüsi təyinatlıları tərəfindən "tubzona" aparıldığı ilə bağlı məlumat əldə etmişik. Orada onu xəstəliyə yoluxdurub ölüm həddinə çatdırmaq istəyirlər" - "Feysbuk" hesabında yazan Sezgin Rüstəmov belə iddia edir.

İstirahət günü və axşam saatı olduğu üçün "Toplum TV" deyilənləri rəsmi qurumlarla dəqiqləşdirə bilməyib. Amma Saleh Rüstəmovun olduğu 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri  Çingiz Sadıqov "Toplum TV"-yə onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyünü söyləmişdi.

Sezgin Rüstəmov atası ilə görüş imkanının yaradılmasını tələb edir.

Gədəbəy rayonunun keçmiş icra başçısı, beynəlxalq qurumların siyasi məhbus kimi təqdim etdiyi  Saleh Rüstəmlinin 13 saylı cəzaçəkmə müəssisəsindən naməlum yerə aparıldığı deyilir. Bu barədə onun oğlu Sezgin Rüstəmov “Feysbuk” hesabında yazıb.

“Mənə dedi ki, ya burdan mənim meyitimi çıxaracaqsınız, ya da məni buraxacaqlar”, - Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmli “Toplum TV”-yə belə deyir.

O, qardaşının aclıq aksiyasına başladığına görə, cəzaçəkmə müəssisəsindən aparıldığını bildirir.

“Dünən mənə zəng etmişdi, aclığa başlayacağını söylədi. Bu gün isə dustaq yoldaşlarından biri zəng vurub Salehin türmədən naməlum yerə aparıldığını dedi. Düşünürəm ki, digər məhbusların qardaşımla birgə aksiyaya qoşulmaqlarının qarşısını almaq üçün onu başqa yerə aparıblar”.

Taleh Rüstəmli 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Sadıqovla əlaqə saxladığını və belə  bir cavab aldığını deyir: “Biz dünən Saleh Rüstəmli ilə danışdıq ki, aclığı buraxsın, razı sala bilmədik, ona görə də məcbur olub apardılar”.

Çingiz Sadıqov “Toplum TV”-yə qısa açıqlama verib: “Saleh Rüstəmli bizə müraciət etdi ki, səhhətimlə bağlı problem var, bayram günlərinə düşməyindən narahatam. Ona görə bizim müəssisədən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Hazırda maraqlanmışıq, səhhətində heç bir ciddi problem yoxdur”.

T.Rüstəmlinin söylədiyinə görəsə, cavab əsassızdır, qardaşının səhhətində heç bir problem yoxdur.

Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramovun sözlərinə görə, o, Penitensiar Xidmətin əməkdaşları tərəfindən aparılıb, amma hara aparıldığı haqda o da məlumatsızdır.

“Rəsmi ərizə yazıb aclıq aksiyasına başlayacağını mənə bildirmişdi. Dünən axşam da Penitensiar Xidmət onu cəzaçəkmə müəssisəsindən aparıb. Amma hara aparıblar, niyə aparıblar, bilinmir. Nə Penitensiar Xidmət, nə də Ombudsman Aparatı zənglərimə cavab verir”.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov işdə olmadığını,  bayramdan sonra mövzu haqqında danışa biləcəyini söyləyir.

Taleh Rüstəmlinin dediyinə görə, qardaşının aclıq etmək istəməsinə səbəb Amnistiya Aktının ona şamil edilməməsidir.

“Neçə vaxtdır aclıq etmək istəyirdi, hər dəfə yalvarırdıq ki, etmə. Axır sözü bu oldu ki, bütün hüquqi qapılar mənə bağlandı. Ölkədə bütün hüquqi prosedurlar bitib, hüquq bərpa olunmayıb. Avropa İnsan Haqları Məhkəməsinə də rüşvət verib işi uzadırlar.

Deyir ki, mən türmədən çıxandan sonra Avropa Məhkəməsi mənim işimə pul ayıracaq, o pul mənə lazım deyil. Ya mənim burdan meyitimi gəlib aparacaqsınız, ya da məni buraxacaqlar. Bundan başqa yol yoxdur”.

Qanunsuz sahibkarlıqda və Azərbaycan Xalq Cəbhəsi Partiyasını maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. 2019-cu ilin martında 7 il 3 ay həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

O da, AXCP də ittihamları rədd edir. Noyabrın 5-də Milli Məclis amnistiya aktı qəbul edib.

Amnistiya aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun