13 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun orqanizmində fəsadlar meydana gəlib

13 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun orqanizmində fəsadlar meydana gəlib
18 Noyabr 2021
Mətni dəyiş
Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyasının artıq onun orqanizmində fəsadları verməyə başladığı bildirilir. Bu barədə onun ailə üzvləri məlumat yayıb. Onların sözlərinə görə, artıq 13 gündür aclıq aksiyasını davam etdirən S.Rüstəmovun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar var: "O, artıq 15 kilo çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dünən, noyabrın 17-də qardaşları ilə görüş olub, artıq yanına gəlməməyi tapşırıb". Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və onun hazırda yerləşdirildiyi müalicə müəssisəsindən münasibət öyrənmək mümkün olmayıb. "Ombudsmanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvlərinin iştirakı ilə noyabrın 14-də Saleh Rüstəmovla görüş keçirib". Bunu "Turan"a Ombudsman Aparatının mətbuat xidmətindən deyiblər. Məlumata görə, S.Rüstəmovun vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə görüşləri təmin olunur. Yaxınları noyabrın 14-ü və 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşüblər: "Dünən noyabrın 14-də vəziyyəti nisbətən stabil olsa da, bu gün çox pis idi. Çox halsız idi, çətinliklə danışırdı, ağzı bütün yaradır, bədənində şiddətli ağrılar əmələ gəlib ki, onlar da yatmağa qoymur". Vəkil Bəhruz Bayramov isə deyib ki, S.Rüstəmov 10 kilodan artıq çəki itirib: "Dünən, noyabrın 14-də onunla görüşdüm. Hərəkət etməkdə çətinlik çəkir, nəbzi çox yüksəkdir, halsızdır". S.Rüstəmovun yaxınları əlavə ediblər ki, görüşdə onu aclığı dayandırmağa razı sala bilməsələr də, bir xahişlərinə müsbət cavab alıblar: "Xahişlərimizi nəzərə alaraq, hələlik, quru aclığa keçmək fikrindən daşınıb". Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Yaxınları bildirib ki, S.Rüstəmov aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsini qeyd edib. Azərbaycan Milli Məclisi noyabrın 5-də Amnistiya Aktı haqqında qərar qəbul edib. Aktın bütünlükdə 16 min civarında şəxsə şamil ediləcəyi, onlardan 3 minınin sırf həbsdən azadlığa buraxılacağı açıqlanıb. S.Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-dəAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-dəəfv sərəncamı ilə azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun