Ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır

Ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır
6 Oktyabr 2021
Mətni dəyiş
Azərbaycanda hökumət üzvləri hazırkı hakimiyyət dövründə ölkədə yoxsulluq səviyyəsinin azaldılmasını tez-tez, həm də sevinclə səsləndirirlər. Rəsmi rəqəmlərə görə, doğrudan da 2000-ci illərin ortalarından sonra yoxsulluq səviyyəsində ciddi azalma gözə çarpır. Hətta o dövrdə baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov 2017-ci ildə mətbuata açıqlamasında bildirmişdi ki, 2020-ci ildə ölkədə bircə nəfər də yoxsul qalmayacaq: "Bugün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq". Amma iqtisadi çətinliklərlə keçən ötən il ərzində 9 il sonra yoxsulluq göstəricisində də artım müşahidə edilib. Əgər 2019-cu ildə rəsmi rəqəmlər ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb. Bu, həm də 2011-ci ildən sonra yoxsulluğun səviyyəsinin çatdığı ən yüksək həddir. Yaşanılan ilin əvvəlində ölkə əhalisinin təxminən 10 milyon 120 min nəfər olduğunu nəzərə alsaq, deməli, hökumət meyarlarına görə, ölkədə təxminən 630 min yoxsul şəxs var. Kimlər yoxsul sayılır Yoxsulluq – yaşamaq üçün qaçılmaz olan ərzaq, qeyri-ərzaq və xidmətlərin minimum toplusunun istehlakını, eləcə də iş qabiliyyətinin saxlanmasını ödəyə bilməyən fərdin və ya sosial qrupun iqtisadi durumunun səciyyəsidir. Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdiqlənən yaşayış minimumundan aşağı gəlirli insan yoxsul sayılır. Ötən il bu hədd 195 manat idi. Yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi üçün ilk əvvəl ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali sayılır.
Ancaq onu da nəzərə almaq lazımdır ki, müstəqil ekspertlər Azərbaycanda yoxsulluq göstəricisi ilə bağlı açıqlanan rəsmi rəqəmlərə birmənalı yanaşmırlar. Buna əsas səbəb Azərbaycanda yoxsulluq ölçülərinin dünya standartlarından geri qalmasıdır. Bəlkə elə bu səbəbdən də Azərbaycanda yoxsulluq göstəricisi bir çox orta və yüksək gəlirli ölkədən daha aşağıdır. Hətta Dünya Bankı da 2019-cu ildə yayımladığı hesabatında Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən təxminən beş dəfə çox - 24 faiz olduğunu açıqlamışdı. Həmin hesabatda Bakı şəhərində yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə isə, əsasən, 20-30 faiz arasında olduğu vurğulanırdı. Bankın bu il yayımladığı digər bir hesabatda isə qeyd edilirdi ki, ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır. Kənd yerlərində yaşayan bütün sakinlərin 57 faizi yoxsulluq riski daşıyır. Yəni, həmin əhali qrupu hazırda yoxsul sayılmasa da, gözlənilmədən üzləşəcəkləri iqtisadi və ya səhiyyə problemləri onları asanlıqla yoxsul əhali qrupuna sala bilər. Bu məqam Azərbaycanda iqtisadi çətinliklərin necə böyük miqyaslı sosial problemlər doğuracağının göstəricisidir. İstehlak səbəti yanlış tərtib edilir Ölkədə istər sosial yardımların, istər ehtiyac meyarının, istərsə, dolayısı ilə, minimum əməkhaqqının formalaşmasına təsir göstərən əsas amillərdən biri istehlak səbətidir. Yaşayış minimumu haqqında qanuna görə, istehlak səbəti insanın sağlamlıq və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən olunmuş toplusu kimi ifadə edilib.
Azərbaycanda istehlak səbəti ilə bağlı əsas tənqidi məqam səbətin tərkibi ilə bağlıdır. Məsələn, Nazirlər Kabinetinin təsdiqlədiyi qərarda internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülür. Əməkqabiliyyətli əhali üçün palto tipli üst geyimlərinin aşınma müddəti 8 il, ayaqqabıların aşınma müddəti 3.5 il müəyyən edilib ki, bu rəqəmlərin reallığı əks etdirməsi dartışıla bilər. İstehlak səbəti ilə bağlı daha bir diqqətçəkən məqam da odur ki, yaşayış minimumuna parlamentdə hər il büdcə zərfi çərçivəsində baxılsa da, qanunvericilikdə istehlak səbətinə hər üç ildən bir baxılması nəzərdə tutulub. Müddətin bu qədər çox olması istehlakçıların davranış və tələblərinin operativ şəkildə nəzərə alınmasını əngəlləyir. Azərbaycanda minimum istehlak səbətinin əhatə dairəsi ilə bağlı da problemlər mövcuddur. Beynəlxalq Əmək Təşkilatı ehtiyac meyarının müəyyən olunmasında qida və mənzil ehtiyaclarından başqa səhiyyə, uşaqların təhsil məsrəfləri və ictimai həyatda iştirak üçün gərəkli digər xərclərin də nəzərə alınmasını zəruri sayır. Halbuki, Azərbaycanda istehlak səbəti bu tip xidmətləri əhatə etmir. Azərbaycanda minimum tələblərlə bağlı diqqətçəkən bir məqam da ölkədə minimum əməkhaqqı ilə yaşayış minimumu arasında bağlılığın olmamasıdır. Belə ki, "Yaşayış minimumu haqqında" Qanunda yaşayış minimumunun əməkhaqqının minimum məbləğinin və pensiyaların baza hissəsinin müəyyən edilməsinin əsasını təşkil etdiyi vurğulansa da, bu, hüquqi baxımdan icbari bağlılığı nəzərdə tutmur. Azərbaycanda hazırda minimum əməkhaqqı (250 manat) ölkə üzrə yaşayış minimumunu (196 manat) qabaqlasa da, qeyd etmək lazımdır ki, bunu, sadəcə, 2019-cu ildə reallaşdırmaq mümkün olub. Minimum əməkhaqqının 2019-cu ilin iyunundakı artımınadək ölkədə uzun illər boyu əməkhaqqının minimum səviyyəsi yaşayış minimumundan daha az idi. Minimum tələblərlə bağlı bütün bu mübahisəli məqamların aradan qaldırılması həm yoxsul əhalinin real sayının ortaya çıxması, həm də həmin şəxslərin rifahının yüksəldilməsi ilə bağlı daha uğurlu siyasət mexanizmlərinin hazırlanması baxımından çox vacibdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun